Xalq rəssamı Maral Rəhmanzadənin 100 illik yubiley sərgisi

Xalq rəssamı Maral Rəhmanzadənin 100 illik yubiley sərgisi

15-19 noyabr tarixlərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Maral Rəhmanzadənin 100 illik yubiley sərgisi keçiriləcək.

Bu barədə Oxu.Az-a nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Azərbaycanın rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq Rəssamı, Dövlət Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Maral Rəhmanzadə 23 iyul 1916-ci ildə Bakıda anadan olub. 1933-cu ildə Azərbaycan Rəssamlıq Məktəbini bitirərək, 1940-cı ildə Moskvada V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb.

60-cı illərdə yaratdığı “Bizim Xəzərdə” adlı 16 vərəqli rəngli avtolitoqrafiyalar silsiləsi, “Naxçıvan”, “Xanalıq”, “Mənim vətənim”, “Mənim Azərbaycanım” adlı tablolar seriyası onun doğma vətəninə olan sonsuz məhəbbətin təzahürüdür.

Eyni zamanda Maral Rəhmanzadənin sevimli qəhrəmanı qadın idi. “Azərbaycanın qadın aşıqları və şairələri”, “Azərbaycanın qadınları”, “Mənim bacılarım” əsərləri ilə istedadlı və gözəl xanımlarımızın obrazlarını yaradaraq, onların zəngin daxili mənəvi aləmini ustalıqla açıqlaya bilmişdir.

Maral Rəhmanzadə 2008-ci il mart ayının 16-da vəfat edib.

A.S.

0
21