Prezident Füzuli rayonundadır

Prezident Füzuli rayonundadır

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Füzuli rayonuna səfərə gedib.

Oxu.Az xəbər verir ki, dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Horadiz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Prezident İlham Əliyevə məlumat verib ki, Ulu Öndərin abidəsinin ucaldıldığı parkda son vaxtlar geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Bu park rayon sakinlərinin sevimli istirahət mərkəzlərindən birinə çevrilib.

Dövlət başçısına son vaxtlar rayonda görülən işlər, həyata keçirilən layihələr və gələcəkdə yaradılacaq müəssisələr barədə də məlumat verilib. Bildirilib ki, növbəti illərdə rayonda aqropark, ət və süd məhsulları istehsal edən müəssisə və istixana kompleksinin inşası nəzərdə tutulub.

Daha sonra dövlət başçısı Füzuli rayonunda “Azərxalça” ASC-nin ilk filialının - xalça kombinatının açılışında iştirak edib.

İqtisadiyyat naziri Şahin Mustafayev Prezident İlham Əliyevə məlumat verib ki, ilkin mərhələdə “Azərxalça” ASC-nin Füzuli rayonu ilə yanaşı, Ağdam, Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Xaçmaz, Qəbələ rayonlarında da filiallarının yaradılması nəzərdə tutulub. Hazırda bu rayonlarda filial binalarının tikintisinə başlanılıb. Yerlərdə “Azərxalça”nın xalçaçılıq üzrə hazırlıq-tədris kursları, ustad dərsləri təşkil edilib, işçi potensialının müəyyənləşdirilməsi və gücləndirilməsi üçün müvafiq tədbirlər görülüb.

“Azərxalça” ASC-nin idarə heyətinin sədri Vidadi Muradov dövlət başçısına görülən işlərlə bağlı ətraflı məlumat verib.

Dövlət başçısı kombinatın işçiləri ilə söhbət edib, iş prosesini izləyib. Sonda xatirə şəkli çəkdirilib.

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Füzuli rayonunun Horadiz şəhərində Dövlət Rəsm Qalereyasının açılışında da iştirak edib.

Dövlət başçısı qalereya binasının rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

Diqqətə çatdırılıb ki, binanın sahəsi 324 kvadratmetrdir. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif illərdə Füzuli rayonuna səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb. Qalereyanın ikimərtəbəli binasında rəsm əsərlərinin nümayiş etdirilməsi üçün sərgi zalı fəaliyyət göstərir.

N.О.

0
6