Elçin Əzizov: Böyük Teatrın solisti olan ilk azərbaycanlıyam

Elçin Əzizov: Böyük Teatrın solisti olan ilk azərbaycanlıyam

Əməkdar artist Elçin Əzizov bu gün mətbuat konfransı keçirib.

Oxu.Az xəbər verir ki, bariton səsli opera ifaçısı jurnalistlərlə görüşündə Moskvada Böyük Teatrın səhnəsində yaradıcılıq fəaliyyəti, sonuncu çıxışlarından olan Cakomo Puççinin “Manon Lesko” operasında Anna Netrebko və Yusif Eyvazovla birlikdə iştirakı, noyabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Jorje Bizenin “Karmen” operasında Eskamilyo partiyasını ifa edəcəyindən və s. söhbət açıb.

E.Əzizov “Manon Lesko” operası ilə bağlı təəssüratlarını media nümayəndələri ilə bölüşərkən “Mən o anda zalda əyləşsəydim, gözlərim yaşarardı” deyib.

9 ildir Böyük Teatrın səhnəsində çıxış etdiyini vurğulayan Əməkdar artist həmin teatrın opera truppasında çalışan ilk azərbaycanlı olduğunu vurğulayıb:

“Bu səhnədə azərbaycanlı solist olaraq çıxış etmək mənim üçün böyük şərəfdir”.

E.Əzizov Böyük Teatrdakı fəaliyyətindən bir il sonra teatrın truppasına Dinarə Əliyevanın da qəbul olunmasının təqdirəlayiq olduğunu söyləyib.

“Fəxr edirəm ki, azərbaycanlı solistlər dünyanın böyük səhnələrində çıxış edirlər. Əvəz Abdulla, Yusif Eyvazov, “La skala” səhnəsində çıxış edən Azər Rzazadə və digərlərini buna misal göstərə bilərəm”, - deyə o bildirib.

İxtisasca kinorejissor olan bariton opera müğənnisi gələcəkdə bir neçə operanı səhnələşdirəcəyini də sözlərinə əlavə edib.

“Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş üzvü Elçin Əzizov KVN-nin 55 illik yubileyi münasibətilə də ürək sözlərini dilə gətirib:

“Sabah Kremldə KVN-nin yubileyi münasibətilə böyük tədbir keçiriləcək. Həmin tədbirə mən də dəvət almışam, lakin Bakıda olduğum üçün iştirak edə bilməyəcəyəm. Vətənimdə olmaq, doğma səhnədə çıxış etmək mənim üçün daha şərəflidir”.

Aytən Sadıqzadə

0
9