AŞPA iclasında erməni deputatın təxribatının qarşısı alınıb

AŞPA iclasında erməni deputatın təxribatının qarşısı alınıb

Monitorinq Komitəsinin ötən gün Parisdə keçirilmiş iclasında Avropa Şurasına Üzv Dövlətlər arasında Münaqişələrə dair Alt Komitənin missiyası çərçivəsində məruzə müzakirə olunub.

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov məlumat verib.

O bildirib ki, iclasda Alt Komitənin Cənubi Osetiya və Abxaziya, Şimalı Kipr, Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilər, Dnestryanı və Krım, eləcə də aktual hadisələr, Şərqi Ukraynaya dair münaqişələrlə məşğul olacağı qeyd edilib.

Elxan Süleymanov əlavə edib ki, iclasda ad-hok Alt Komitənin sədri və məruzəçi cənab Ştefan Şennakın çıxışından dərhal sonra Ermənistan nümayəndə heyətinin üzvü Rüstəmyan söz alaraq məruzədə “Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilər” ifadəsinin beynəlxalq razılaşdırılmış tərifə uyğun olmadığını bildirib, bu ifadə formasına etiraz edib.

“O, bunun “tamamilə qəbuledilməz” olduğunu bildirib. Ermənistan üzrə həmməruzəçi Alan Meale Ermənistan nümayəndəsinin fikrinə dəstək verib. Şennak Rüstəmyanın fikrinə qəti etiraz mövqeyindən geri çəkilməyib, lakin ermənistanlı deputat yenidən təkid edərək komitədə böyük qalmaqal yaradıb. Monitorinq Komitəsinin sədri Ermənistanın düzəlişini açıq səsverməyə qoymuş və düzəliş 31 əleyhinə, 3 lehinə olmaqla rədd edilib”, - deyə E.Süleymanov bildirib.

Elxan Süleymanov əlavə edib ki, S.Şennakın təklif etdiyi ilkin qərar “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər əraziləri” ifadəsi ilə birlikdə cəmi bir səs (erməni deputat) istisna olmaqla, yekdilliklə qəbul edilib.

N.О.

0
5