Həmyerlimiz gənc bəstəkarların beynəlxalq müsabiqəsində qalib olub – FOTO

Həmyerlimiz gənc bəstəkarların beynəlxalq müsabiqəsində qalib olub – FOTO

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbinin məzunu Arzu Abbasova ABŞ-ın Nyu-York şəhərində keçirilən “Muse Multicultural Sonic Evolution” adlı gənc bəstəkarların IV beynəlxalq müsabiqəsinə “Qütb ulduzu” (iki skripka üçün) əsəri ilə qatılıb və münsiflərin birgə rəyi əsasında 1-ci yerin qalibi olub.

Bu barədə Oxu.Az-a idarədən bildirilib.

Qalib əsər noyabrın 19-da Nyu-York şəhərində “Sounds of Arts Festival” çərçivəsində səsləndiriləcək.

Qeyd edək ki, “Qütb ulduzu” əsəri müəllif tərəfindən 2015-ci ildə bəstələnib və 2016-cı ilin aprel ayında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin birgə layihəsi olan “Rodniki duşi’ müsabiqəsində 1-ci yeri tutaraq laureat adını qazanıb.

Noyabrın 29-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi gənc bəstəkarın xüsusi istedadını nəzərə alaraq onun tərəfindən bəstələnmiş “Xoş arzular” musiqi əsərləri toplusunu uşaq musiqi və incəsənət məktəblərində tədris vəsaiti kimi çap olunmasına icazə verib.

Arzu Abbasova hal-hazırda ADA Universitinin Beynəlxalq münasibətlər fakültəsinin 1-ci kurs tələbəsidir. Həmçinin ADA Universitində fəaliyyət göstərən musiqi cəmiyyətinin prezidentidir.

A.S.

0
8