Azərbaycan Beynəlxalq Bankı yeni kredit cəlb edib

Azərbaycan Beynəlxalq Bankı yeni kredit cəlb edib

Vəsait ümumi korporativ məqsədlərə, xüsusilə, ticarət yönümlü layihələrə yönəldiləcək.“Azərbaycan Beynəlxalq Bankı” ASC 200 milyon dollar həcmindən çox sindikatlaşdırılmış kreditin (bir neçə şirkətin (sindikat) bir borcalana kifayət qədər vəsait təmin etmək üçün birgə təklif etdikləri borc - red.) cəlb olunmasını uğurla başa çatdırıb.

Oxu.Az-a bankdan verilən məlumata görə, saziş üzrə ilkin təşkilatçılar “Citibank”, “Credit Suisse A.G. London Branch” (“Credit Suisse”), “Emirates NBD Capital Limited” (“ENBD”) və “J.P. Morgan” banklarıdır.

“Citibank Europe plc” bu əqdin koordinator və agenti, “J.P.Morgan” isə buraxılış agenti kimi çıxış edib. Sazişə 12 maliyyə qurumu qoşulub. Bazara 150 milyon dollar həcmində sindikasiya krediti üçün tələb göndərilsə də, bazar iştirakçılarının bu cəlb etməyə marağı 200 milyon dolları keçib.

Bu da Azərbaycan Beynəlxalq Bankı rəhbərliyindəki dəyişikliklərdən sonra bankın beynəlxalq maliyyə bazarlarına güclü dönüşü kimi xarakterizə olunur.

Belə ki, bu, 2015-ci ilin aprel ayından bəri ABB-nin cəlb etdiyi ilk sindikasiya kreditidir. Kredit sazişi birillik müddətə razılaşdırılıb. Cəlb olunmuş vəsaitin ümumi korporativ məqsədlərə, xüsusilə, ticarət yönümlü layihələrə yönəldilməsi planlaşdırılır.

Qeyd edək ki, bu gün Azərbaycandakı ümumi bank aktivlərinin 37,9%-i, müştəri kreditlərinin 32,5%-i, ümumi bank əmanətlərinin isə 26,5%-dən çoxu məhz Azərbaycan Beynəlxalq Bankına məxsusdur.

U.A.

0
4