Azərbaycan XİN: Münaqişəni müharibə yolu ilə həll etmək istəyirsiniz?

Azərbaycan XİN: Münaqişəni müharibə yolu ilə həll etmək istəyirsiniz?

“Biz doğrudan da anlaya bilmirik ki, erməni tərəfi nə istəyir, hansı yolu seçir?”

Biz məntiqi başa düşə bilmirik. Ermənistanda bir tərəfdən hər dəfə bəyanat verirlər ki, münaqişə yalnız sülh yolu ilə, danışıqlar yolu ilə həll olunmalıdır. O biri tərəfdən də deyirlər ki, danışıqlardan çıxırlar. Danışıqlardan çıxırsınızsa, onda müharibə elan edirsiniz? Münaqişəni müharibə yolu ilə həll etmək istəyirsiniz? Yəni məntiq anlaşılan deyil.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan prezidenti Serj Sarkisyanın təhlükəsizliyə təminat verilməyəcəyi təqdirdə Azərbaycanla danışıqların mənasının olmadığı barədə bəyanatını şərh edərkən deyib.
 
Nazir son dörd ildə Qarabağ danışıqlarında normal müzakirələr olmadığını bildirib: 

“Azərbaycan hər dəfə bəyan edir ki, işğal olmuş torpaqlarda erməni hərbi birləşmələri var. Bu birləşmələr həmin ərazilərdən çıxmalıdır. Münaqişənin həlli istiqmətində irəliləyiş üçün müəyyən məqamlar olduqda isə hər dəfə vəziyyət gərginləşdirilir, cəbhədə toqquşmalar baş verir. Biz doğrudan da anlaya bilmirik ki, erməni tərəfi nə istəyir, hansı yolu seçir? Danışıqlar aparanda da qarşı tərəfə sual verilir ki, sənin “qırmızı xətt”in haradadır, sən nə istəyirsən? Biz bunu başa düşək ki, buna uyğun da danışıqlar aparaq. Əvvəllər yenə də danışıqların müstəvisi bəlli idi. Əvvəl “Madrid prinsipləri” vardı, danışıqlar aparılırdı, sonra Rusiya təklif verdi, danışıqlar davam etdi. İndi isə heç nə bəlli deyil”.
 
Rusiya xarici işlər naziri Sergey Lavrovun ötən ilin yayında bir sıra təkliflərlə çıxış etdiyini qeyd edən E. Məmmədyarovun sözlərinə görə, təkliflərdə qeyd olunub ki, hansı məsələlərdə razılığa gəlmək mümkün deyilsə, onlar bir kənara qoyulsun, heç olmasa, hərbi və təhlükəsizlik problemləri həll edilsin: 

“Çünki heç kim istəmir ki, gənclər cəbhədə həlak olsunlar. Bunun üçün də ermənilər hərbçiləri çıxarmalıdırlar. Ermənistan əsgərinin Azərbaycan ərazisində nə işi var? Erməni hərbçilər işğal altındakı torpaqlardan çıxarılandan sonra sülhməramlı da olacaq, yollar da açılacaq, qaçqınlar da qayıdacaq, etimad mühiti də yaranacaq və yavaş-yavaş sülhə nail olacağıq. Yoxsa bu vəziyyətin axırı yoxdur. Biz qonşu ölkələrik, Azərbaycan torpağını götürüb Kaliforniyaya, yoxsa Marselə köçəcəksən? İstər-istəməz qonşularla dil tapmalısan. Ermənistan deyir ki, münaqişə həmsədrlərin, prezidentlərin bəyanatları əsasında həll olunsun. Lap yaxşı. Muskokda qəbul edilmiş altı bəndlik bəyanatın birinci bəndində bildirilir ki, erməni hərbi birləşmələri işğal olunmuş torpaqlardan çıxarılmalıdır. Bunu qəbul edirsənsə, qoşunları çıxarmağa başla də. Öz vətəndaşlarına de ki, vəziyyət budur, qoşunları gec-tez çıxarmalıyıq”.
 
E. Məmmədyarov Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində yaxın vaxtlarda görüş planlaşdırılmadığını da deyib: "Bəlkə həmsədrlərlə görüşdük".
 
“Madrid prinsipləri”nin Kazan formulu və Lavrovun təklifləri ilə ziddiyyət təşkil edib-etməməsi məsələsinə aydınlıq gətirən nazir qeyd edib ki, bunlar bir-birinə mane olmur: "İstər Madrid prinsipləri, istər Kazan formulu, istərsə də Lavrovun təklifləri olsun, bunlar bir-birinə mane olmur. Sonuncu təkliflər 2009-cu ilin dekabr ayında Afinada bizə təqdim olunmuş rəsmi təkliflərdir. Ermənilər o sənədi qəbul etməkdən imtina etdilər. Həmsədrlər ondan 2-3 ay sonra Ermənistana səfər edərək bu sənədi Ermənistan prezidentinə təqdim etdilər. Məsələ ondadır ki, hamı problemin necə həll olunacağını bilir. 

“Yenilənmiş Madrid prinsipləri” altı bənddən ibarət olan təkliflərdir. O sənəddə də əksini tapıb, hamı da bilir ki, ilkin olaraq erməni hərbi birləşmələri işğal olunan ərazilərdən çıxarılmalıdır”.

Nazir sonda Azərbaycanın danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu vurğulayıb.

0
19