Əli Həsənov: Azərbaycanda vətənpərvər nəsil yetişib

Əli Həsənov: Azərbaycanda vətənpərvər nəsil yetişib

“Azərbaycanın gəncliyi ölkə tarixinin tərkib hissəsidir”.

Oxu.Az “Report”-a istinadən xəbər verir ki, bunu Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycanın Dövlət müstəqilliyinin 25-ci ildönümü ilə bağlı keçirilən “Gənclik və dövlət müstəqilliyi: Gələcəyə baxış” konfransında deyib.

O bildirib ki, Azərbaycan gəncləri 25 ildə xeyli uğurlu işlərə imza atıblar: “Gənclər dövlət quruculuğu prosesində aktiv iştirak edirlər. Əminiklə deyə bilərəm ki, gənclərə baxanda optimist rəyə gəlmək olar.

Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələnə qədər gənclər ambisiyalı siyasətin qurbanı olmuşdular. O dövrdəki hakimiyyət və cəmiyyət qarşıdurmasının təməlində gənclər dururdu. 1993-cü ildə parlament sədri seçilən Heydər Əliyev çıxışında gənclərlə bağlı məsələyə toxundu. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ilk olaraq Gənclər və İdman Nazirliyini yaratdı. Daha sonra Gənclər günü təsis edildi, müxtəlif dövlət proqramları hazırlandı. Bu işləri saymaqla bitməz”.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanın dövlət siyasətinin prioritet sahələrindən biri də gənclər siyasətidir:

“Hazırda Azərbaycanda vətənpərvər nəsil yetişib. Bu, çox önəmli işdir. Bu gün Azərbaycan millətinə, dövlətinə bağlı gənclər formalaşıb. Azərbaycanın gənci dünya elminə yiyələnməlidir, mənimsəməlidir və onu Azərbaycanda tətbiq etməlidir. Dövlətin verdiyi dəstək göstərir ki, gənclər Azərbaycan dövlətini təmsil etməyə hazırdır. Artıq təmsil edirlər. Bu gənclər müstəqillik illərində formalaşıblar. Bu gəncliklə gələcəyə ümidlə baxırıq”.

Ə.Həsənov vurğulayıb ki, Azərbaycanın 25 ildə əldə etdiyi uğurlardan biri də vətənpərvər gənclərin yetişməsidir:

“Azərbaycanın bundan sonrakı inkişafı gənclərin əlindədir. Biz inanırıq ki, gənclər bunun öhdəsindən gələcəklər”.

E.Ə.

0
4