Bakıda ağacları ekskavatorla qazıb çıxarırlar – FOTO

Bakıda ağacları ekskavatorla qazıb çıxarırlar – FOTO

Sakinlər narazıdır.

Nəsimi rayonunun 3-cü mikrorayon, Alı Mustafayev küçəsi, 11-ci ev ilə 17-ci evin arasında uşaqların, yaşlıların istirahət yeri olan həyət hasarlanıb, yerində yaşayış binası tikiləcək.

Bu barədə Oxu.Az-a həmin küçədə yaşayan bir qrup sakin məlumat verib.

Onların sözlərinə görə, həyətdə tikintinin aparılmasına sakinlər etiraz edib:

“Biz nə qədər etiraz etsək də, hadisə yerinə çağırılan polis bizə müdaxilə edir. Hasara alınmış ərazidə nə qədər ağac kəsilib. Bizə iki bina arasında sadəcə 2 metrlik yer saxlanılıb. Belə dar yerdə uşaqlarımız necə oynasın? Yaşlılarımız harada dincəlsin?”.

Təqdim olunan şəkillərdən də göründüyü kimi, ərazi dəmir hasara alınıb, böyük ağacların kökləri ekskavatorla qazılıb çıxarılır.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-a bildiriblər ki, hadisə yerinə nazirliyin əməkdaşı yollanıb.

“Məsələ araşdırılır, əlavə məlumat veriləcək”.

Həmin ərazidən çəkilən şəkilləri oxucularımıza təqdim edirik.

Elvin Əhmədov

0
19