İlk ixrac missiyası Çinə yola düşüb

İlk ixrac missiyası Çinə yola düşüb

Səfər çərçivəsində bir sıra sənədlərin imzalanması gözlənilir.

İqtisadiyyat Nazirliyi tərəfindən noyabrın 9-dan 13-dək Çin Xalq Respublikasının Honqkonq Xüsusi İnzibati Ərazisinə və Quancou şəhərinə ilk ixrac missiyası təşkil olunacaq.

Bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyindən bildirilib.

“AZPROMO-nun və Azərbaycanda şərab istehsalı və ixracı ilə məşğul olan şirkətlərin nümayəndələrinin daxil olduğu ixrac missiyası Honqkonq Xüsusi İnzibati Ərazisində keçirilən “Honqkonq Şərab və Spirtli İçkilər Sərgisi”ndə və “Quancou Şərab Sərgisi”ndə iştirak edəcək.

Səfər zamanı iş adamları arasında ixrac imkanlarının genişləndirilməsi ilə bağlı müzakirələr aparılacaq.

İxrac missiyası, həmçinin Çin Xalq Respublikasında yerli distributorlarla, potensial müştərilərlə görüşlər keçirəcək, şərab istehsalında tətbiq olunan yeni texnologiyalarla tanış olacaqlar.

Səfər çərçivəsində iş adamları arasında əməkdaşlığa dair sənədlərin imzalanması gözlənilir”, - deyə nazirlikdən qeyd edilib.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən Çin Xalq Respublikasının Honqkonq Xüsusi İnzibati Ərazisinə və Quancou şəhərinə təşkil olunan ixrac missiyalarında iştirak edən şirkətlərin seçilməsi üçün müsabiqə keçirilib və Azərbaycanda şərab istehsalı və ixracı ilə məşğul olan 12 şirkət ixrac missiyasında iştirak etmək hüququ qazanıb.

U.A.

0
6