Türkiyəli nazirdən TANAP-la bağlı vacib bəyanat

Türkiyəli nazirdən TANAP-la bağlı vacib bəyanat

“Bu ilin sonuna qədər Azərbaycan qazını Türkiyə və buradan Avropaya nəql edəcək Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinin inşasının 55%-nin tamamlanması planlaşdırılır”.

Oxu.Az-ın məlumatına görə, “Report” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu sözləri ölkənin Enerji və təbii ehtiyatlar naziri Berat Albayrak Türkiyə Böyük Millət Məclisində (TBMM) nazirliyin 2017-ci ilin büdcəsi ilə bağlı təqdimatında bildirib.

Nazir xatırladıb ki, TANAP-la 2018-ci ildə Türkiyəyə ilk qaz nəql olunacaq: “2020-ci ildə isə Avropanın qaz tələbatının təmin olunması nəzərdə tutulur”.

Qeyd edək ki, TANAP Azərbaycanın Xəzər dənizindəki “Şahdəniz” yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, oradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir.

Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. Kəmər Türkiyə-Yunanıstan sərhədindən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşəcək.

2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə TANAP-ın təməli qoyulub. 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılan boru kəmərinin ilkin buraxılış gücü ildə 16 milyard kubmetr olacaq.

Bu həcmin təxminən 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Eskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını BOTAŞ şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1850 km-dir. Kəmərin 19 km-lik hissəsi Mərmərə dənizindən keçəcək.

U.A.

0
5