Los-Ancelesdə “Yeddi gözəl” baletinə həsr olunmuş gecə keçirilib – FOTO

Los-Ancelesdə “Yeddi gözəl” baletinə həsr olunmuş gecə keçirilib – FOTO

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunda milli incəsənət irsimizin ən dəyərli nümunələrindən olan “Yeddi gözəl” baletinə həsr olunmuş gecə keçirilib.

Gecədə “Yeddi gözəl” baletinin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Los-Ancelesdəki baş konsulluğunun dəstəyi ilə 2014-cü ildə Kaliforniyanın San-Dieqo şəhərində uğurla keçən və 3 min tamaşaçının izlədiyi Amerika premyerasının videoyazısı nümayiş etdirilib.

Konsulluqdan Oxu.Az-a bildirilib ki, tədbirdə ABŞ-ın ən nüfuzlu tibb ocaqlarından olan, Los-Ancelesdə yerləşən Cedars-Sinai Tibb Mərkəzinin “Bir ürək xilas et” fondunun üzvləri, sənətsevərlər, eləcə də kimya üzrə Nobel mükafatçısı Arye Vorşel iştirak edib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev ölkəmizin zəngin mədəniyyət tarixindən söz açaraq xalqımızın dahi şairi Nizami Gəncəvinin eyniadlı əsəri əsasında ölməz bəstəkarımız Qara Qarayev tərəfindən bəstələnmiş “Yeddi gözəl” baletinin milli mədəniyyət xəzinəmizin ən qiymətli əsərlərindən biri olduğunu vurğulayıb.

“Bir ürək xilas et” fondunun rəhbəri, tanınmış kardioloq İzhar Xaruzi təmsil etdiyi təşkilat adından çıxış edərək zəngin Azərbaycan mədəniyyəti ilə tanışlıq üçün yaradılan fürsətə görə təşəkkürünü bildirib.

Sonra “Yeddi gözəl” baletinin videoyazısı nümayiş etdirilib.

A.S.

0
3