Baku Busıness Factory Kovörker Mərkəzi üçün ikinci qəbula start verilib

Baku Busıness Factory Kovörker Mərkəzi üçün ikinci qəbula start verilib

Baku Business Factory biznes inkubasiya mərkəzi Kovörker Mərkəzində vakant olan yerlər üçün layihələrin ikinci qəbuluna start verib.

BBF-dən Oxu.Az-a verilən məlumata görə, Kovörkinq Mərkəzi müxtəlif sektorlardan olan sərbəst işçilər üçün hər cür ofis şəraitinə malik yerlər təklif edir.

Startaplar və frilanserlər Mərkəzə üzv ola bilərlər. Startaplar üçün yerlər tək və ya maksimum 3 nəfərlik qruplar üçün nəzərdə tutulub.

BBF-də işləməyə başlayan layihələr ofisin bütün imkanlarından: iş masası, hüquqi ünvan, resepşn xidmətləri, şəhər telefonu, internet, printer, skaner, iclas otaqları, oyun zalı və mətbəxdən, tamamilə ödənişsiz istifadə edirlər. Onlar, həmçinin, BBF tərəfindən təşkil olunan təlimlərdə də iştirak edə bilirlər.

Hazırda, Mərkəzdə bir neçə tanınmış layihəyə yer verilib və onlar öz bizneslərini qurmaq istiqamətində çalışırlar.

Kovörkinq Mərkəzinə üzv olmaq üçün BBF-in rəsmi saytında “BİZƏ QOŞULUN” adlı anketi doldurmaqla müraciət göndərilə bilər. Ərizə BBF-in İdarə Heyəti tərəfindən nəzərdən keçirildikdən sonra, uyğun hesab edilərsə, ərizə yazanla əlaqə saxlanılacaq.

BBF-dən bildiriblər ki, seçimdə ən çox diqqət edilən məqamlar bunlar olacaq: açıq iş sahəsində digərləri ilə birlikdə işləyə biləcək layihələr və ya şəxslər, dəqiq müəyyən edilmiş müştəri ehtiyaclarını qarşılayan tək funksiyalı layihələr (çox funksiyalı layihələr qəbul edilmir), müştəri ehtiyaclarının qarşılanmasında fayda-qazanc mexanizmi ilə işləyən layihələr və ya şəxslər, yenilikçi layihələr.

Seçilən layihələrdən heç bir maddi qarşılıq tələb etməyən BBF-in tək gözləntisi onların öz bizneslərini inkişaf etdirərək irəli getməsi və qlobal bazarda rəqabət aparan şirkətlərdən birinə çevrilməsidir.

Ərizə qəbulunun bitmə tarixi 15 dekabr, 2016-ci ildir.

Xatırladaq ki, “Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılmışdır. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək ağıllı biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.

Daha ətraflı məlumat üçün BBF-in rəsmi saytına daxil ola və ya təşkilatla telefon (012 599 04 05/06) vasitəsilə əlaqə saxlaya bilərsiniz.

U.A.

0
6