Serbiyada Azərbaycan hökumətinin kredit ayırdığı avtomagistralın açılışı olub

Serbiyada Azərbaycan hökumətinin kredit ayırdığı avtomagistralın açılışı olub

Ümumi uzunluğu 40,3 km olan yol 66 körpü və 4 tuneldən ibarətdir. Noyabrın 7-də Serbiyada Azərbaycan və Serbiya hökumətləri arasında 2012-ci ildə imzalanmış kredit sazişinə uyğun olaraq tikilmiş avtomobil magistralının Ljig-Preljina hissəsinin açılışı olub.

Oxu.Az-a nazirlikdən verilən məlumata görə, tədbirdə İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Qeyd edək ki, layihənin reallaşdırılması üçün Azərbaycan hökuməti tərəfindən Serbiyaya 300 mln. avro kredit ayrılıb. Ümumi uzunluğu 40,3 km olan yol 66 körpü və 4 tuneldən ibarətdir. Layihənin baş podratçısı Azərbaycanın “AzVirt” şirkətidir.

Yolun girişində Azərbaycan-Serbiya dostluğunu və iqtisadi əməkdaşlığını əks etdirən “Dostluq olan yerdə uzaq ölkə yoxdur. Bu yol xalqlarımızı birləşdirən yoldur. Serbiya-Azərbaycan dostluğu sarsılmazdır” lövhə yerləşdirilib.

Açılış mərasimində çıxış edən nazir Ş.Mustafayev Azərbaycan-Serbiya əlaqələrinin strateji əməkdaşlığa, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını qeyd edib.

Serbiyanın Baş naziri Aleksandr Vuçiç, baş nazirin birinci müavini, tikinti, nəqliyyat və infrastruktur naziri Zoran Mixayloviç çıxışlarında layihənın Serbiya-Azərbaycan əlaqələrinin inkişafında əhəmiyyətini vurğulayıb, ölkələrimiz arasında əməkdaşlığın inkişafına və bu gün açılışı olan avtomagistralın tikintisinə göstərdiyi dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür ediblər.

Sonra Serbiyanın Baş naziri Aleksandr Vuçiç və Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev avtomobil magistralının Ljig-Preljina hissəsinin açılışını əks etdirən lenti kəsib və xatirə lövhəsini açıblar.

U.A.

0
18