Beynəlxalq hava limanlarında Azərbaycan məhsulları satılacaq

Beynəlxalq hava limanlarında Azərbaycan məhsulları satılacaq

“Növbəti illərdə xarici mağazalar şəbəkəsində, beynəlxalq hava limanlarında Azərbaycan rəflərinin, mağazalarının yaradılmasını planlaşdırırıq”.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib.

Onun sözlərinə görə, müxtəlif ölkə və şəhərlərdə Azərbaycanın və məhsullarının reklam olunması nəzərdə tutulub: “İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişlənməsi istiqamətində silsilə tədbirlər davam etdirilir. Artıq “Made in Azerbaijan” brendinin xaricdə təşviqi ilə bağlı artıq əhəmiyyətli mexanizmlər təsdiq edilib. Bu mexanizmlər çərçivəsində tədbirlərin həyata keçirilməsinə başlanılıb. Belə ki, sabah Azərbaycanın şərab istehsalçıları dünyanın iki məşhur sərgisinə qatılacaqlar. Nümayəndə heyəti noyabrın 10-12-də Honqkonq, noyabrın 13-15-də isə Quancou şəhərində keçirilən beynəlxalq sərgilərdə iştirak edəcək. Bu sərgilər böyük əhəmiyyətə malikdir. Sözügedən sərgilərdə müxtəlif ölkələrdən iki minə yaxın şirkət iştirak edir, 50 minə yaxın ziyarətçi gəlir. Bu baxımdan Azərbaycan şərabının beynəlxalq bazarda Asiya, xüsusilə Çində tanıdılması üçün bu sərgi böyük rol oynayır. Bu missiya çərçivəsində şərabçıların səfəri dövlət hesabına maliyyələşdirilir. Sərgilərin keçiriləcəyi şəhərlərdə böyük sahədə Azərbaycan stendi yaradılır. Burada bir neçə Azərbaycan istehsalı olan yerli məhsullar nümayiş olunacaq”.

Nazir müavini deyib ki, Azərbaycan məhsullarının beynəlxalq arenada tanıdılması istiqamətində görülən işlər mütəmadi təşkil olunacaq: “Bu il ərzində və növbəti illərdə Azərbaycanın kənd təsərrüfatı, şərab, ərzaq, sənaye, inşaat məhsullarının xarici bazarlarda tanıdılması, yerləşdirilməsi və çıxışlarının əldə edilməsi üçün müvafiq tədbirlər görüləcək. Mən bütün ixracatçıları Azpromo ilə yaxından əməkdaşlığa, İxracatçılar Klubunda aktiv iştirak etməyə dəvət edirəm. Biz İxracatçılar Klubu vasitəsilə şirkətlərimizdən müxtəlif sifarişləri, layihələri və ideyaları toplayırıq. Hazırda Avropa, Asiya və MDB-də ölkələrində müxtəlif formatlarda Azərbaycan məhsullarının təşviqi istiqamətində tədbirlər görülür”.

A.M.

0
6