“Səhliyalı” şirkətində kolbasa məhsulları necə hazırlanır? – FOTO

“Səhliyalı” şirkətində kolbasa məhsulları necə hazırlanır? – FOTO

Azərbaycan şirkəti dünya bazarına çıxmağı planlaşdırır.

Son günlər Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) apardığı reydlər zamanı bölgələrdən ölkəyə kolbasa və digər qida məhsullarının hazırlanmasında istifadə etmək üçün at ətinin gətirildiyi məlumdur. 

Bu yaxınlarda isə “Delikat” və “Nur” əmtəə nişanlı kolbasa məmulatlarında at ətinin aşkar edilməsi də buna sübüt kimi göstərmək olar. 

Təbii ki, bu proseslər, insanlar arasında kolbasa məhsullarına olan tələbatın aşağı düşməsinə səbəb olur. 

Oxu.Az-ın əməkdaşı elə bu məqsədlə ölkədə fəaliyyət göstərən qabaqcıl kolbasa və süd məhsullarının istehsalı ilə məşğul olan “Səhliyalı” zavodunda olaraq, istehsal prosesi ilə yaxından tanış olub.

Zavodun rəhbəri, istehsal müdir müavini, keyfiyyətə nəzarət şöbəsinin müdiri, jurnalistlər və ekspert qurupunun rəhbərliyi altında zavodda ilkin və son istehsal prosesi ilə yaxından tanışlıq olub. 

Bütün istehsal prosesi ilə bağlı zavod rəhbərliyindən tutmuş, zavodun mütəxəssisləri jurnalistləri və ekspert qrupunu məlumatlandırıb. 

Zavodun istehsalat üzrə müdir müavini Rəfael Məmmədov bildirib ki, iki il öncə Dövlət Proqramı çərçivəsində, Kənd Təsərrüfatı Nazirliyi (KTN) tərəfindən müasir kəsim sexlərinin əsası qoyulub:

“Kəsim ilə bağlı yenilik ondan ibarətdir ki, iki il öncə Dövlət Proqramı çərçivəsində kəsim sexlərinin yaradılması və qurulması ilə bağlı dövlət tərəfindən bizə sifariş olub. Yəni, nazirlik artıq küçələrdə qeyri-qanuni kəsimlərin qarşısını alıb və bununla da istehsalçılara kömək olmaqla bərabər, daha sivil kəsim sexlərinin yaradılmasının əsası qoyulub”.

R.Məmmədov yeni istehsal sahəsi ilə bağlı ekspert qrupunu və jurnalsitləri məlumatlandırıb:

“İki il öncə isə türklər ilə birgə yeni bir layihə hazırladıq. Bu layihə əsasında yeni kəsim sexlərinin yaradılması prosesinə başladıq. Bu fəaliyyət iki il öncə başladılıb və son ay yarım ərzində artıq tamamlanmış vəziyyətdədir.

Bəzi yaşıllaşdırma və kosmetik işlər istisna olmaqla, ümumulikdə istehsal sahəsi tamamilə hazır vəziyyətə gətirilib.

İstehsal sahəsi, mal qəbulu və ofislər müvafiq olaraq 2600, 600 və 1100 kv metrə bərabərdir.

Bütün sahələr, döşəmə örtüyündən tutmuş, tavanlara qədər gigiyenik və sanitar cəhətdən ən son məhsul və tələblərə uyğun şəkildə təchiz olunub. İstehsal sahəsi yüksək keyfiyyətdə olan materialllardan işlənib”.

R.Məmmədov onu da qeyd edib ki, artıq adiyyatı dövlət orqanlarına İSO 22 000-nin tətbiqindən ötrü müraciət olunub:

“Müəssisədə bütün qida təhlükəsizlik tədbirlərinə riayət olunur. Artıq müxtəlif dövlət qurumlarına İSO 22 000-nin tətbiqindən və digər qida təhlükəsizliyi ilə bağlı müraciət olunub.

Bu standartları və halal sertifikatını da aldıqdan sonra, satışa və satışda olan yarımfabrikatlara da ət məhsullarının çıxarılması ilə məşğul olacağıq”.

Zavodun keyfiyyətə nəzarət şöbəsinin müdiri Şəhla Yusifzadə isə müəssisənin laboratoriyaları haqqında məlumat verib:

“Şirkət fəaliyyətə başladığı gündən, yəni 1996-cı ildən müəssisənin laboratoriyası da fəaliyyətdədir. 

Lakin son 3 ildə laboratoriyamız İSO-nun tələblərinə uyğun şəkildə yenidən təchiz olunub. Standartlaşdırma və Metrologiya  və Patent üzrə Dövlət Komitəsinin milli akkreditasiya orqanı tərəfindən, ən son beynəlxalq standart olan 17 025 İSO verilib.

Onun tələblərinə uyğun şəkildə də laboratoriya akkreditasiya olunub. Bizim əsas laboratoriyamız ilə yanaşı, süd və kəsim sahəsində də texnologiyalarımız fəaliyyətdədir.

Sizin də iştirakınız altında şahidi oldunuz ki, laboratoriyamız bütün standartlara cavab verən avadanlıqlarla təchiz olunub.

Laboratoriyamızda həm xammal, həm də hazır məhsulların analizi aparılır. Bu analizlərə isə, həm mikrobioloji, həm də fiziki-kimyəvi analiz və sınaqlar daxildir.

Lakin bununla da biz kifayətlənmirik. Mütəmadi və dövri olaraq, məhsullarımızın təhlükəsizliyi baxımından onların tərkibində olan antibiotiklərin miqdarı, ağır, toksit maddələrin miqdarı ilə bağlı da mütxəlif akkreditasiya olunmuş dövlət qurumlarda dəfələrlə müayinə aparılır. Yalnız bundan sonra, məhsullar satışa çıxarılır”.

Onun sözlərinə görə, hazırda zavodda 53 adda ət və ət kolbasa məhsulları, 30 adda isə süd məhsulları istehsal olunur. 

“Bu məhsulların da hər biri onların təhlükəsizliyini və keyfiyyətini özündə əks etdirən gigiyenik və uyğunluq sertifikatları ilə təmin olunur. 

Məhsullar sertifikatlaşdırılır, lakin mütəmadi olaraq da laboratoriyamızda bu müayinələrdə aparılır”, - deyə Ş.Yusifzadə qeyd edib. 

Keyfiyyətə nəzarət şöbəsinin müdiri “Səhliyalı”nın kadrların peşəkarlığının artırılması yönündəki fəaliyyətinə də toxunub:

“Laboratoriyamızda çalışan mütəxəssislərimiz mütəmadi olaraq istər xarici ölkələrdə, istərsə də Azərbaycanda təşkil olunmuş təlim və treyninqlərdə iştirak edir. Onların uğur və naliyyətləri var. Onların hər biri peşəkarlığını göstərən diplom və sertifikatlar ilə təmin olunublar. 

Hər il “Səhliyalı” olaraq mənfəətimizin böyük hissəsi yalnız kadrlarımızın peşəkarlığının artırılmasına xərcləyirik”.

Abşeron rayon Baytarlıq İdarəsinin rəisi Tahir Abdullayev Oxu.Az-a bildirib ki, heyvanlar əsasən infeksion xəstəliklərə görə yoxlanılır:

“Məhsullardan laboratoriya üçün nümunə götürdükdən sonra, onlar nömrələnir. O nömrə ilə də qaba yerləşdirilir və müayinəyə aparılır. Müayinənin nəticəsindən sonra isə möhürlənir və anbara yığılır. Anbara yığıldıqdan sonra isə mərhələli şəkildə günün tələbatına uyğun istehsala göndərilir”.

T.Abdullayev qeyd edib ki, laboratoriyanın nəticələrinə uyğun olaraq, heyvanda xəstəlik aşkar edildiyi təqdirdə, onun sənədləri tərtib olunur, manesiz şəkildə həmin xammal yandırılaraq zərərsizləşdirilir.

Müəssisənin rəhbəri İlham Bəşirov isə qeyd edib ki, hazırda məhsullarımızı Gürcüstan və Özbəkistan bazarına çıxardırıq:

“Gələcək planlarımızdan biri də Rusiya bazarına çıxış əldə etməkdir. Bazarın tələbatına uyğun da məhsullarımız Rusiya bazarına satışa çıxarılacaq. Amma hələ ki, konkret say demək mümkün deyil”.

İ.Bəşirov onu da əlavə edib ki, ərəblərə qoyun ətinin satılması ilə bağlı danışıqlar aparılacaq:

“Bu gün biz istixanalarda pomidor və xiyar yetişdiririk və onları Rusiya bazarına çıxarırıq. Biz istəyirik ki, zavodun istehsal etdiyi kobasa və süd məhsulları da onların arasında yer alsın.

Bununla yanaşı, Dubay və Misirə qoyun ətinin satılması ilə bağlı da ərəblər ilə danışıqlar aparılacaq”, - deyə zavodun rəhbəri əlavə edib. 

Sonda isə, şirkətin istehsal üzrə müdir müavini alıcılara ehtiyatlı olmağı, məhsul alarkən zavodun yeri, qaynar xətti, ünvanı ilə dəqiq tanış olmağı tövsiyə edib. 





0
36