Yaponiyada şagirdlərə Azərbaycanla bağlı dərs keçirildi – FOTO

Yaponiyada şagirdlərə Azərbaycanla bağlı dərs keçirildi – FOTO

Noyabrın 5-də Yaponiyanın paytaxtı Tokio şəhərinin Şinaqava bölgəsində yerləşən məktəbdə, Dünya Azərbaycanlıları Assambleyasının (DAA) Şərqi və Orta Asiya ölkələri üzrə vitse-prezidenti, Yaponiya nümayəndəliyinin rəhbəri Əlibəy Məmmədov yaponiyalı məktəblilərə “Müasir dünya düzənində Azərbaycanın multikultural modeli” mövzusunda dərs deyib.

Bu barədə Oxu.Az-a DAA-dan bildirilib.

Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, Yaponiya-Azərbaycan əlaqələri haqqında söhbət açan Ə.Məmmədov xüsusi diqqəti Azərbaycanın multikultural modelinə yönəldib.

O qeyd edib ki, dövlət başçısı İlham Əliyevin 11 yanvar 2016-cı il sərəncamı ilə 2016-cı il Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilib.

Ə.Məmmədov bildirib ki, tarixi İpək yolu üzərində yerləşən Azərbaycanda müxtəlif sivilizasiyalar qovuşur. Azərbaycanda müxtəlif dinlərin, millətlərin nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və hörmət əsasında yaşayırlar. Bu gün Azərbaycanda dini etiqad azadlığı tam şəkildə təmin edilib. Azərbaycanda yaşayan ayrı-ayrı dinlərin, millətlərin və etnik qrupların nümayəndələri bərabər hüquqlara malikdirlər.

Diaspor rəhbərimiz Azərbaycan Respublikası Prezidentinin 15 may 2014-cü il fərmanı ilə yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən söhbət açaraq sözügedən mərkəzin azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın, mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin edən, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıdan və mövcud multikultural modelləri tədqiq və təşviq edən qurum olduğunu vurğulayıb.

Ə.Məmmədov onu da vurğulayıb ki, dövlətimiz tərəfindən həm ölkə daxilində, həm də xarici dövlətlərdə multikulturalizmin və dini tolerantlığın təbliği istiqamətində tədbirlərin keçirilməsi çox əhəmiyyətli bir prosesdir. Bunun vasitəsilə insanlar multikulturalizmin Azərbaycan modeli ilə tanış olurlar. Ölkəmizin imici daha da yaxşılaşdırılır və dünya miqyasında toleyrant bir dövlət kimi tanıdılmağa başlayır. Bu, çox önəmli faktordur. Azərbaycanı “dünyanın multikulturalizm beşiyi” kimi brendləşdirmək, ölkəmizə xeyli sayda turistlərin də gəlməsinə səbəb ola bilər ki, bunun sayəsində ölkədə qeyri-neft sektoru, xüsusilə, turizm daha da inkişaf edər.

Diaspor rəhbərimiz sonda Dünya Azərbaycanlıları Assambleyası və dünyada Azərbaycan diasporu haqqında məlumat verərək bildirib ki, Azərbaycanın dünyada multikultural dövlət kimi tanıdılmasında yalnız dövlət deyil, həm də ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən aktiv diaspor təşkilatlarımız, xüsusilə, DAA da öz növbəsində müxtəlif layihələr üzərində işləməkdədir.

A.S.

0
6