AFFA Azərbaycan çempionatındakı şübhəli oyunlarla bağlı araşdırmalara başlayıb

AFFA Azərbaycan çempionatındakı şübhəli oyunlarla bağlı araşdırmalara başlayıb

AFFA-nın danışılmış oyunların araşdırılması ilə bağlı komissiyası Azərbaycan çempionatının bəzi oyunlardakı şübhəli məqamlara dair araşdırmalara başlayıb.

Oxu.Az xəbər verir ki, Report-un müxtəlif klublardan əldə etdiyi məlumata görə, araşdırmalar, xüsusən, I Divizion qarşılaşmalarını əhatə edir.

Komissiya mətbuatda mövzu ilə əlaqədar vaxtaşırı informasiyaların dərcini də nəzərə alaraq hərəkətə keçib.

Öz növbəsində, AFFA-nın İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mikayıl Nərimanoğlu xəbəri nə təsdiq, nə də təkzib edib.

Qurum rəsmisi proses barədə konkret məlumat verməsə də, bununla bağlı mütəmadi işlərin görüldüyünü bildirib. Onun sözlərinə görə, proses UEFA ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilir.

M.Nərimanoğlu, həmçinin xatırladıb ki, AFFA-nın İcraiyyə Komitəsinin avqustun 29-da keçirilmiş iclasında “Danışılmış oyunlar və oyun nəticələrinin manipulyasiyası” ilə bağlı Bəyannamə qəbul olunub. Həmin Bəyannaməyə əsasən, peşəkar futbolla bu və ya digər şəkildə məşğul olan hər bir şəxs sənədi imzalamaqla üzərinə müvafiq öhdəlik götürür:

“Bəyannamə AFFA tərəfindən müvafiq futbol strukturlarına təqdim olunub. Eyni zamanda, UEFA Avropa futbolunun sağlam gələcəyini təmin etmək, şəffaf rəqabəti qorumaq, futbolda idman nəticələrinin manipulyasiyası və razılaşdırılmış oyunlar kimi neqativ halları aradan qaldırmaq üçün mütəmadi tədbirlər həyata keçirir”.

E.Ə.

0
4