“Pobeda” şəhərləri fəth edir

“Pobeda” şəhərləri fəth edir

Oktyabrın 30-dan etibarən Rusiyanın “Aeroflot” Şirkətlər Qrupuna daxil olan “Pobeda” aviaşirkəti (loukoster) Bakıdan birbaşa Rostov-Don şəhərinə müntəzəm aviareyslər həyata keçirməyə başladı.

Rostov-Bakı və geriyə reyslər həftədə 4 dəfə (həftənin 1, 3, 5, 7-ci günlər) olmaqla 189 sərnişin tutumu olan “Boeing-737-800” təyyarələri ilə həyata keçirilir.

Şirkət yeni marşrutlarda qış cədvəli üzrə biletlərin 30%-ni minimal tariflə – 999 rubla (təxminən 26 manat) təklif edir. Bu məbləğə bütün rüsum və yığımlar daxildir. Bundan əlavə, sərnişin 10 kiloqrama qədər yükü ya özü ilə götürə və ya baqaja təhvil verə bilər.

“Pobeda” Rusiya ilə Azərbaycanı birləşdirən ən aşağı büdcəli aviaşirkət olmasına baxmayaraq, onun təyyarə parkı heç də bahalı aviaşirkətlərin təyyarələrindən fərqlənmir. “Pobeda”nın aviaparkına hazırda orta yaşı 1 il olmaqla, 12 “Boeing-737-800” təyyarəsi daxildir.

Şirkətin baş direktoru Andrey Kalmıkovun sözlərinə görə, 2017-ci ildə “Pobeda” daha 5 “Boeing-737-800” təyyarə almaq niyyətindədir.

Onun sözlərinə görə, “Pobeda” bu il 4 milyon sərnişini mənzil başına çatdırmağı özünə məqsəd qoyub. Qeyd edək ki, 2015-ci ildə bu rəqəm 3 milyon olub.

“Podeda” aşağı büdcəli aviaşirkət olduğu üçün sərnişindaşımasında da bəzi özəllikləri mövcüddur. Qeyd etdiyimiz kimi, təyyarələrdə 189 sərnişin yerləri mövcüd olsa da, onların hamısı eyni sinfə aiddir.

Bir sözlə, təyyarənin salonunda yerlərə görə, sərnişinlərə fərq qoyulmur. Yerlər isə elektron qaydada müəyyən edilir. Yerini dəyişmək istəyən sərnişin əlavə xidmət haqqı ödəməlidir. “Podeda” yeganə “loukoster”dir ki, təyyarədə 10 kiloqrama qədər yük daşımağa icazə verir. Əlavə yükə görə isə ödəniş olunmalıdır. Bir sözlə, sərnişin öz rahatlığı üçün nə qədər çox xidmət seçirsə, ona uyğun da gediş haqqı artır.

“Pobeda”dan verilən məlumata görə, aviaşirkət payızda Həştərxan, Volqoqrad, Vladiqafqaz və Nalçikə də reyslərə başlayır, Sankt-Peterburqdan uçuşların sayını isə iki dəfə artırmağı planlaşdırır. Bundan başqa, Yekaterinburqdan Krasnoyarsk və Novosibirskiyə də reyslər açılacaq.

Xatırladaq ki, bu ilin iyulunda “Pobeda”nın artıq payıza qədər Rostovdan Bakı, Tbilisi və Samaradan Almatıya bilet satışına başlayacağı haqqında xəbər yayılmışdır.

“Pobeda” aviaşirkəti həm də Azərbaycanın turizm sahəsinə də böyük töhfə verəcək. Çünki aviaşirkət Moskva, Sankt-Peterburq kimi iri şəhərlər olmaqla, Rusiyanın digər bölgələrindən də Bakıya turistlərin axınını təşkil edəcək. Şirkətin Bakı nümayəndəliyindən verilən məlumata əsasən, təyyarələr 90%-ə qədər dolu sərnişinlərlə Bakıya dönür. Onlardan da 50 faizdən artığı ölkəmizə gələn turistlərdir.

Azər Məmmədov

0
4