Azərbaycan özəlləşdirmə prosesinə “PwC” şirkətini cəlb edir

Azərbaycan özəlləşdirmə prosesinə “PwC” şirkətini cəlb edir

Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi prosesinə potensial investorların cəlb edilməsi məqsədilə “Pricewaterhouse Coopers” (PwC) beynəlxalq konsaltinq şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb.

Bu barədə Oxu.Az-a komitədən bildirilib.

“İlin əvvəlindən etibarən dünyanın nüfuzlu dördlüyünə daxil olan beynəlxalq məsləhətçi şirkətlər, o cümlədən “PwC” ilə danışıqlar və qarşılıqlı məsləhətləşmələr aparılıb. Həmçinin digər müstəqil beynəlxalq məsləhətçi və ekspertlərin tövsiyələri, Avropa, Türkiyə və MDB ölkələrinin müsbət təcrübəsi də nəzərə alınıb.

İmzalanmış memoranduma əsasən, “PwC” Azərbaycanda həyata keçirilən özəlləşdirmə prosesində xarici investorlarla işgüzar əlaqələrin qurulması və onların bu prosesə cəlb edilməsində zəruri dəstəyi göstərəcək. Bu dəstək çərçivəsində belə investorların və maraqlı tərəflərin iştirakı ilə özəlləşdirmə ilə bağlı investisiya konfransları və forumlarının təşkili də həyata keçiriləcək.

Hazırda Komitə ilə beynəlxalq şirkət arasında gələcək əməkdaşlığın xəritəsi və atılacaq praktiki addımlar barədə müzakirələr aparılır. Özəlləşdirmənin yerli və xarici investorlar üçün daha cəlbedici formada həyata keçirilməsi məqsədi ilə qarşılıqlı məsləhətləşmələrə başlanıb.

Dəyirmi masaların təşkili və intensiv fikir mübadiləsi formatında keçirilən işgüzar görüşlər zamanı şirkət ekspertlərinin özəlləşdirmənin optimal üsulları, strateji sahələrin özəlləşdirilməsi istiqamətində tövsiyələri nəzərə alınır. Məqsəd bu sahədə yerli və xarici iş adamlarının marağını cəlb etmək, onların gözləntilərini nəzərə almaqdır”, - deyə komitədən qeyd edilib.

Komitə hesab edir ki, özəlləşdirmə prosesində beynəlxalq təcrübəyə əsasən, müasir yanaşmaların və innovasiyaların tətbiqi isə prosesin effektivliyini daha da artıracaq.

U.A.

0
9