İmişlidə mal-qara oğurlayan dəstə yaxalandı

İmişlidə mal-qara oğurlayan dəstə yaxalandı

İmişli rayonunda oğurluq edən dəstə üzvləri saxlanılıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, İmişli Rayon Polis Şöbəsinə ayrı-ayrı vaxtlarda vətəndaşlar tərəfindən oğurluq faktları ilə bağlı müraciətlər daxil olub.

Daxil olan məlumatlar əsasında keçirilən əməliyyat zamanı qrup şəklində şübhəli şəxslər saxlanılıb. İmişli RPŞ-in İstintaq Bölməsinin müstəntiqi Ərşad Suleymanovun verdiyi məlumata görə, istintaq araşdırmaları zamanı dəstə üzvlərinin digər əməllərinin də üstü açılıb:

"Dəstə üzvlərindən Beyləqan rayon sakini, 1986-cı il təvəllüdlü Məmmədov Elçin Qəfər oğlu və İmişli rayon sakini 1995-ci il təvəllüdlü Qarayev Sənan Əhliman oğlu qabaqcadan əlbir olaraq sentyabr ayının 20-də Qaravəlli kənd sakini Əliyeva Xuraman Xalıq qızına məxsus dəyəri 300 manat olan 2 baş xırda buynuzlu mal-qaranı Sənan Qarayevə məxsus avtomobil vasitəsilə oğurlayıblar.

Eyni zamanda aydın olub ki, bundan əvvəl Elçin Məmmədov və İmişli sakinləri 1995-ci il təvəllüdlü Əliyev Elməddin Habil oğlu, İmanzadə Cəmaləddin İlham oğlu əlbir olaraq avqust ayının 7-də Bəhrəmtəpə qəsəbə sakini Mustafayev Elnura məxsus təkər təmiri sexinin qapısını sındıraraq, oradan 1600 manat dəyərində yük avtomaşınına dair müxtəlif ehtiyat hissələri və açar dəstələri oğurlayıblar.

Həmçinin dəstə üzvlərindən Elçin Məmmədov və Elməddin Əliyev 27 aprel tarixində Cavadxanlı kəndində yerləşən Əsədov Vidadi Qurban oğluna məxsus mağazadan 530 manat dəyərində müxtəlif ərzaq malları oğurlayıb. Elçin Məmmədov və Elməddin Əliyev bununla kifayətlənməyib, həmin gecə rayonun Qaralar kəndində yerləşən Tağıyev Səxavət Əlizaman oğluna məxsus mağazadan 2369 manat dəyərində ərzaq malları və digər əşyalar oğurlayıb.

Eyni zamanda Elməddin və Cəmaləddin avqust ayında çöl örüş sahədən Ağayev Fazilə məxsus 2 baş xırdabuynuzlu heyvanı Elməddinə məxsus avtomobillə oğurlayıblar".

İstintaq dindirmələri zamanı saxlanılan şəxslər əməllərini etiraf edərək peşman olduqlarını bildiriblər. Qeyd edək ki, dəstə üzvlərindən Elçin Məmmədovun əvvələr də məhkumluq həyatı yaşayıb.

Faktla bağlı araşdırma aparılır.

E.Ə.

0
11