ABŞ-da Gülnarə Kərimovanın pullarının taleyini həll edə bilmirlər

ABŞ-da Gülnarə Kərimovanın pullarının taleyini həll edə bilmirlər

Nyu-York məhkəməsi ABŞ və Özbəkistan arasında qərb banklarında korrupsiya sxeminin istintaqı çərçivəsində dondurulmuş yüz milyonlarla dolların taleyi üzrə müqavilənin bağlanma tarixini başqa vaxta keçirdi. Bu pullar faktiki olaraq mərhum Özbəkistan prezidentinin böyük qızı Gülnarə Kərimovaya məxsus offşor şirkətlər tərəfindən istifadə edilirdi.

Oxu.Az “fergananews”a istinadən xəbər verir ki, bu barədə noyabrın 4-də RFE-RL məlumat yayıb.

Tərəflər 2017-ci ilin yanvarın sonuna qədər razılığa gəlməlidirlər. Bu barədə Nyu-York məhkəməsinin hakimi Endryu Karter bəyan edib. Problemin həlli üçün təyin edilmiş əvvəlki üç aylıq müddət oktyabrın 31-də başa çatıb.

Söhbət Amerika prokurorluğu tərəfindən Gülnarə Kərimovaya və ona yaxın adamlara məxsus olduğu iddia edilən İsveçrə bankında dondurulmuş 550 milyon dollar və ABŞ, İrlandiya, Lüksemburq, Belçika hesablarında dondurulmuş 300 milyon dollar daxil olmaqla, ümumi 850 milyon dolların müsadirə edilməsindən gedir.

RFE-RL-in məlumatına görə, Amerika məmurları bu pulları Özbəkistana qaytarmağa hazırdırlar, amma onları narahat edən bu pulların kimə çatacağı, necə istifadə ediləcəyi və onların sərf edilməsinə nəzarətin necə yaradılacağıdır.

Xatırladaq ki, 2012-ci ildən İsveçrə, Niderland, ABŞ, İsveç prokurorluqları tərəfindən Gülnarə Kərimovanın adı ilə bağlı telekommunikasiya bazarında şübhəli sazişlərin araşdırması aparılır. Korrupsiya və mütəşəkkil cinayətlərin tədqiqi üzrə Mərkəzin (Organized Crime and Corruption Reporting Project, OCCRP) məlumatına görə, Kərimova ən azı altı telekommunikasiya şirkəti ilə korrupsiya sxemindən istifadə edirdi. Onun şərtləri ilə razılaşanlara Özbəkistanda işləmək üçün lisenziya almağa yardım edirdi, imtina edənlər isə təzyiqə məruz qalırdı, sonuncular sırasında üç Amerika şirkəti olub.

2015-ci ilin avqustunda Özbəkistanın telekommunikasiya bazarında “Vimpelcom”, MTS və “TeliaSonera” iştirakı ilə şübhəli sazişlərin istintaqı çərçivəsində ABŞ ümumi məbləği 1 milyard dollardan ibarət olan aktivlərə həbs qoyulması xahişi ilə İrlandiya, Belçika, Lüksemburq, İsveç və İsveçrəyə müraciət edib. 2016-cı ilin yanvarında Özbəkistan Ədliyyə naziri Müzraf İkramovun Endryu Kareterə məktub göndərdiyi məlum olub. Məktubda Özbəkistanın Kərimova ilə bağlı iş çərçivəsində dondurulmuş pulların geri alınmasına dair niyyətin olduğu bildirilib.

Aprel ayında ABŞ Ədliyyə Nazirliyi konkret və açıq şəkildə Özbəkistan prezidenti İslam Kərimovun böyük qızını rüşvət almaqda və pulların yuyulmasında şübhəli adlandırdı. May ayında Nyu-Yorkun Cənub dairəsinin federal məhkəməsi, korrupsiya sxmeninin istintaqı çərçivəsində dondurulmuş yüz milyonlarla dolların taleyini məhkəmədənkənar razılaşdırma yolu ilə həlletmə niyyətinin olmasını bəyan edən Vaşinqton və Daşkəndin xahişi, Kərimovaya dair işi iyulun 31-nə qədər dayandırıb. Bu addım uğurla nəticələnmədiyi üçün məhkəmə tərəflərə məsələnin nizamlanması üçün daha üç ay vaxt verib.

N.O.

www.oxu.az

0
5