Rüfət Aslanlı: Bazarda yalnız özəl bankların olmasının tərəfdarıyıq

Rüfət Aslanlı: Bazarda yalnız özəl bankların olmasının tərəfdarıyıq

“Azərbaycan Beynəlxalq Bankının (ABB) sağlamlaşdırılması ilə əlaqədar Maliyyə Nazirliyi ilə yaxın təmasdayıq. Bir müddət bundan öncə bankın toksik aktivlərinin satın alınması yolu ilə onun kapitalının bərpası layihəsinə başlanılıb. Bu layihə uğurlu qaydada davam edir”.

Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyətinin sədri Rüfət Aslanlı deyib.

“Eyni zamanda bankın menecmenti və əsas səhmdarları ilə onun özəlləşdirilməyə hazırlaşdırılması çərçivəsində bir qədər idarəolunan səviyyəyə çatdırılması, kiçildilməsi üzrə işlər də görülür. Bank müəyyən aktiv və öhdəliklərini industiyanın digər oyunçularına ardıcıl olaraq ötürür. Düşünürük ki, 2017-ci ildə bu işlər davam etdiriləcək.

Bankın kapitalının daha dayanıqlı həddə çatdırılması, aktivlərinin keyfiyyətinin daha sağlamlaşdıırlması və ən əsası bankın dayanıqlı gəlir əldə edə bilməsi üçün bizim yeni proqramımız var.

Hazırda 2017-ci ildə bu proqram bankın menecmenti tərəfindən, onun əsas səhmdarı olan Maliyyə Nazirliyi ilə birgə hazırlanıb, Palataya təqdim edilib. Bu gün də 2017-ci ildə görüləcək işlərin müzakirələri davam etdirilir. Əminik ki, bu tədbirlərin realizə olunması nəticəsində ABB-nin sağlamlaşdırılması prosesini başa çatdıra biləcəyik”, - deyə Palatanın sədri qeyd edib.

R.Aslanlı bank 2018-ci ildə özəlləşdirilməyə çıxarıla bilərmi? sualına isə bu cür cavab verib: “Nəzarət orqanı olaraq, bazarda yalnız özəl bankların olmasına maraqlıyıq”.

U.A.

0
5