Bakıda VII Avropa Film Festivalına start verilib - FOTO

Bakıda VII Avropa Film Festivalına start verilib - FOTO

Noyabrın 3-də Bakıda VII Avropa Film Festivalının açılışı olub.

Oxu.Az AZƏRTAC xəbər verir ki, film festivalı Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi və üzv ölkələrin Bakıdakı səfirliklərinin birgə təşkilatçılığı ilə keçirilir.

Festival çərçivəsində tamaşaçılara müxtəlif kateqoriyalarda - komediya, dram, romantika, fantastika, macəra janrlarında bədii və sənədli ekran əsərləri təqdim ediləcək. Builki festivalı izləmək üçün 6-7 min insanın iştirakı nəzərdə tutulur.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard 10 gün davam edəcək festivalın baş tutmasında göstərilən dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib.

İspaniyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Xose Luis Die festivalın açılışında nümayiş olunan “Bağlı gözlərlə yaşamaq asandır” adlı ispan filmi haqqında məlumat verib. Bildirilib ki, rejissor David Truebenin komediya-dram janrında ekranlaşdırdığı film bir sıra mükafatlar, o cümlədən ən yaxşı film nominasiyası da daxil olmaqla altı “Qoyya” mükafatı qazanıb.

Daha sonra festival İspaniya və Yunanıstan istehsalı olan “Bağlı gözlərlə yaşamaq asandır”, “Kiçik İngiltərə” adlı filmlərin nümayişi ilə açıq elan olunub.

A.S.

0
4