Rəsmi Bakı: Qarabağda erməni qoşunlarının mövcudluğu ən böyük problemdir

Rəsmi Bakı: Qarabağda erməni qoşunlarının mövcudluğu ən böyük problemdir

Xələf Xələfov BMT-nin 4 qətnaməsini xatırladıb.

Xarici işlər nazirinin müavini Xələf Xələfov Braziliya Federativ Respublikasının xarici işlər nazirinin müavini Fernando Simas Maqalhaes ilə görüşüb.

XİN-dən Oxu.Az-a verilən məlumata görə, görüşdə nazir müavini Azərbaycan və Braziliya arasında xüsusilə hər iki ölkənin səfirliklərinin açılması ilə ikitərəfli əlaqələrin inkişaf etdiyini, iqtisadi, mədəni, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün daha böyük potensialın mövcudluğunu qeyd edib.

Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi islahatlar nəticəsində xarici investorlar üçün əlverişli mühitin yaradılıdığını diqqətə çatdıran Xələf Xələfov Braziliya istehsalı olan “Embraer” tipli təyyarələrin ölkəmizdə mülki aviasiyada istifadə edildiyini qeyd edib və digər Braziliya şirkətlərinin də ölkəmizdə uğurlu fəaliyyəti üçün imkanların olduğunu vurğulayıb.

İki ölkə arasında müqavilə-hüquq bazasının gücləndirilməsinin əhəmiyyətindən danışan Xələf Xələfov sərmayələrin təşviqi, gömrük, kənd təsərrüfatı, ikiqat vergidən azadolunma və digər sahələrə dair sazişlərin imzalanmasının gələcək əməkdaşlıq üçün vacib olduğunu diqqətə çatdırıb.

Nazir müavini daha sonra regiondakı vəziyyətə toxunaraq, Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyə töhfə verdiyini, bir sıra iri beynəlxalq iqtisadi, energetika, nəqliyyat, kommunikasiya layihələrinin təşəbbüskarı olduğunu və Azərbaycanda həyata keçirilən tədbirlərin ölkə iqtisadiyyatının enerji sektorundan asılılığının azalmasına və onun şaxələndirilməsinə yönəldiyini bildirib.

Ermənistan-Azərbaycan münaqişəsi, aprel ayında qoşunların təmas xəttində yaranmış gərginlik haqqında həmkarına məlumat verən nazir müavini Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunu münaqişənin həllində ən başlıca problem olduğunu dilə gətirib. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin Braziliyanın TŞ-nın qeyri-daimi üzvü olduğu, 874 saylı qətnamənin isə məhz Braziliyanın TŞ-ya sədrliyi dövründə qəbul edildiyini xatırladıb.

O əlavə edib ki, BMT TŞ-nın 822, 853, 874 və 884 saylı qətnamələrində Ermənistan tərəfinin əməllərinə birməmalı beynəlxalq hüquqi qiymət verilir. Belə ki, TŞ Azərbaycana qarşı gücdən istifadə və onun ərazilərinin işğalını pisləyir, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təsdiqləyir və bütün işğal olunmuş ərazilərdən işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. 

X.Xələfov digər beynəlxalq təşkilatların da analoji mövqe nümayiş etdirdiklərini bildirib.
BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün Bakıya səfərindən məmnunluğunu ifadə edən Fernando Simas Maqalhaes Braziliya xarici işlər nazirinin Azərbaycana nəzərdə tutulan səfərinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın şaxələndirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib. 

Səfər çərçivəsində mədəniyyət, turizm, təhsil və digər sahələrdə sazişlər, həmçinin iki ölkənin Diplomatik Akademiyaları arasında anlaşma memorandumlarının imzalanacağını diqqətə çatdırıb.

Fernando Simas Maqalhaes Azərbaycan və Braziliya xarici işlər nazirlikləri arasında indiyədək üç siyasi məsləhətləşmələrin keçirildiyini qeyd edərək, hazırkı səfərinin növbəti məsləhətləşmələr üçün başlanğıc ola biləcəyini vurğulayıb.

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məlumatlı olduğunu bildirən nazir müavini münaqişənin BMT TŞ-nın qətnamələrinə uyğun olaraq sülh yolu ilə nizama salınmasına ümidvar olduğunu dilə gətirib.

Fernando Simas Maqalhaes daha sonra avqust ayında Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq prosesi haqqında məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

0
17