ABŞ-da prezident seçkiləri öncəsi dollar ucuzlaşır

ABŞ-da prezident seçkiləri öncəsi dollar ucuzlaşır

Dollar bugünkü ticarət sessiyasında ucuzlaşmaqda davam edib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, dolların zəifləməsinin əsas səbəbi investorların ABŞ-da noyabrın 8-də keçiriləcək prezident seçkiləri öncəsi üzləşdiyi qeyri-müəyyənlikdir.

Ötən gün başa çatan Federal Ehtiyatlar Sisteminin (FED) ikigünlük iclasından sonra uçot dərəcəsi dəyişməz olaraq 0,25-0,5% hədəf diapazonunda saxlansa da, FED rəsmiləri dekabrda dərəcənin artırılacağına işarə edib.

Lakin bu işarə də investorların üzləşdiyi seçki öncəsi qeyri-müəyyənliyin aradan qalxmasına səbəb olmayıb. “FED bizə yeni heç nə demədi. İnvestorların əsas diqqəti Hillari Klintonla Donald Tramp arasında gedən gərgin mübarizəyə yönəlib”, - deyə “Royal Bank of Canada”nın rəsmisi Syu Trin bildirib.

Keçirilən sorğuların əksəriyyəti H.Klintonun qələbə qazanacağını göstərsə də, xanım namizəd açıq-aşkar üstünlüyünü əldən verib. Artıq D.Trampı siyahılarından silən investorların gələcək planlarında milyarderə də yer var.

Yaxın keçmişdə keçirilən sorğular zamanı D.Trampı 5% qabaqlayan sabiq birinci xanım və dövlət katibi indi cəmi 1,7% öndədir.

Avro dollara qarşı 0,6% möhkəmlənərək 1,1125 dollara çatıb ki, bu da oktyabrın 11-dən etibarən ən yuxarı göstəricidir. Dollar İsveçrə frankına nisbətən 0,3% geriləyərək 0,9603 frank səviyyəsindədir.

Yaponiyada dövlət bayramı olduğundan qeyri-iş günüdür və milli valyuta olan yen ticarət olunmur. Ümumilikdə, dolların indeksi 0,22% itirərək 97,176 səviyyəsində qərarlaşıb ki, bu da oktyabr ayının 11-dən etibarən ən aşağı göstəricidir.

U.A.

0
7