Rusiyada azərbaycanlı qızını və arvadını öldürdü - CİNAYƏTİN TƏFƏRRÜATI + YENİLƏNİB

Rusiyada azərbaycanlı qızını və arvadını öldürdü - CİNAYƏTİN TƏFƏRRÜATI + YENİLƏNİB

Rusiyanın Orsk şəhərində birlikdə yaşadığı qadını və 4 yaşlı qızını öldürən Rauf Qardaşovla bağlı yeni məlumatlar açıqlanıb.

Oxu.Az-ın xəbərinə görə, yerli Azərbaycan diasporunun sədri Çingiz Bayraməliyev Lent.az-ın əməkdaşıyla söhbətində bildirib ki, Qardaşov uzun müddətdir həmin şəhərdə yaşayırmış.

“O, tikintiylə məşğul olurdu. İşi də normal idi. Sakit, sözəbaxan bir gənc idi. Yəni onun bu hərəkəti törədəcəyi ağlımıza gəlməzdi”, - deyə Ç.Bayraməliyev bildirib.

Diaspor sədrinin dediyinə görə, qətldən bir qədər əvvəl Rauf “Evroset” mağazalar şəbəkəsindən ucuz bir telefon alıb, sipirtli içki qəbul edib və yaşadığı mənzilə gəlib. Buradaca qətli törədib.

Ç.Bayraməliyevin sözlərinə görə, Rauf qətlə yetirilən qadınla 6 il idi ki, birlikdə yaşayırmış.

“Həmin qadından bir qızı da olmuşdu. O qadının anasına belə, Rauf baxırdı. Kirayə mənzil tutmuşdu, orada yaşayırdı. Ailəsinə korluq vermirdi. Amma bir müddət əvvəl həmin qadına çoxuşaqlı ana kimi dövlət ev verdi. Hər şey də bu evdən sonra başladı. Həmin qadın Raufu evdən qovub, dedi ki, daha onu görmək istəmir, bir yerdə yaşamayacaqlar”, - deyə diaspor sədri qeyd edib.

Diaspor rəsmisi bildirib ki, Rauf bir qədər əvvəl Azərbaycana gedibmiş. Onlara da deyibmiş ki, bəlkə geri qayıtmadı.

“Amma bura gəlməzdən bir-iki gün əvvəl idi. Dağıstandan mənim telefonuma zəng gəldi. Rauf idi. Mənə dedi ki, miqrasiyada sənədləri ilə bağlı problem var, ona kömək edim. Dedim Rauf, nə tez gəlirsən? Həm də üzü qışa gedir, tikintidə iş yoxdu. Dedi, Çingiz müəllim, qızım üçün darıxmışam, ürəyim partlayır, qala bilmirəm. Nə isə gəldi, mən ona pul da verdim ki, sənədlərini düzəltsin. Amma belə hadisə baş verdi”, - deyə Ç.Bayraməliyev bildirib.

Diaspor sədri onu da deyib ki, bir qədər əvvəl şəhər polisinə dəvət edilib.

“Elə indi oradan çıxıram. Rəis müaviniylə söhbət etdim, hadisəni pislədiyimizi bildirdim”, - deyə Ç.Bayraməliyev qeyd edib.

11:46

Bu gün Rusiyanın Orsk şəhərinin polisləri iki nəfərin qətlində şübhəli bilinən şəxsi axtarır. İlkin məlumata görə, onun qətlə yetirdiyi şəxs qızı və arvadıdır.

Oxu.Az “province.ru”ya istinadən xəbər verir ki, şübhəli bilinən şəxs 32 yaşlı Qardaşov Rauf Cəmaləddin oğludur.

Noyabrın 2-də Qardaşovun 35 yaşlı həyat yoldaşı və dörd yaşlı qızının meyiti tapılıb. Qətlə yetirlənlərin meyitini ilkin olaraq öldürülən qadının anası aşkar edib və polisə bildirib. Qadının və qızın boğazı kəsilmişdi.

Məlumata görə, Qardaşov Azərbaycan vətəndaşıdır. Qətldən bir gün öncə o, Federal Miqrasiya Xidmətindən ölkəni tərk etmək göstərişi alıb.

N.O.

www.oxu.az

0
4