“Moody’s”dan Beynəlxalq Bankla bağlı açıqlama

“Moody’s”dan Beynəlxalq Bankla bağlı açıqlama

“Moody’s” beynəlxalq reytinq agentliyi “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) törəmə bankı olan “Azərbaycan Beynəlxalq Bankı - Moskva”nın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini “В3” səviyyəsindən “В2” səviyyəsinə qədər artırıb.

Bu barədə Oxu.Az APA-ya istinadən xəbər verir.

Bankın kredit qabiliyyətinin qiymətləndirilməsi (BCA) “b3” pilləsindən “b2” pilləsinə yüksəlib. Eyni zamanda, uzunmüddətli risk qabiliyyəti də indi “B-2” deyil, daha yüksək olan “B-1” səviyyəsində dəyərləndirilib.

Bankın uzunmüddətli depozit reytinqi üzrə proqnoz stabil qiymətləndirilib.

2016-cı ilin II rübündə “ABB-Moskva”nın nizamnamə kapitalının 2 milyard rubla qədər artırıldığı, beləliklə, bankın kapitalının 70% genişləndiyi qeyd edilir.

Agentliyin rəyinə əsasən, 1 sentyabr 2016-cı il tarixə “Bazel III” normativləri üzrə “ABB-Moskva”nın məcmu kapitalının adekvatlığı (Н1.0) və 1-ci dərəcəli kapitalın nisbəti (Н1.2) 22,4% və müvafiq olaraq 8,3% artıb ki, bu da Rusiya Federasiyası Mərkəzi Bankının tələblərindən yüksəkdir.

“Moody’s”un ekspertləri ümid edir ki, ABB-nin kapital artımı və aktivlərinin sağlamlaşdırılması yaxın 12-18 ayda da davam etdiriləcək. Problemli kreditlərinin azalmasına, mənfəətliyinin bərpasına, eləcə də ABB-nin depozit reytinqinin yüksəlməsinə müvafiq olaraq “ABB-Moskva”nın reytinqi daha da yüksələ bilər.

U.A.

0
10