Qazaxıstan parlamentinin nümayəndəliyi İlham Əliyevin qəbulunda

Qazaxıstan parlamentinin nümayəndəliyi İlham Əliyevin qəbulunda

Danışıqlar aparılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan parlamenti Senatının sədri Kasım-Jomart Tokayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

Oxu.Az-ın məlumatına görə, Qazaxıstan parlamenti Senatının sədri Kasım-Jormart Tokayev Prezident Nursultan Nazarbayevin salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırıb. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna toxunan qonaq müasir böhranlı dövrdə Forumun ideya və məqsədlərinin böyük əhəmiyyət daşıdığını və Birləşmiş Millətlər Təşkilatının belə bir tədbirinin Bakıda keçirilməsinin önəmini vurğulayıb.

Dövlət başçısı bildirib ki, BMT-nin Sivilizasiyalar Alyansının növbəti Forumunun Bakıda keçirilməsi ölkəmizin sivilizasiyalararası dialoq çərçivəsində fəaliyyətinə verilən qiymətin nəticəsidir. Prezident İlham Əliyev Azərbaycanda bu istiqamətdə görülən işlərin, keçirilən tədbirlərin xalqların yaxınlaşması və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi işinə xidmət etdiyini vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə bu yaxınlarda İstanbulda İslam Əməkdaşlıq Təşkilatının növbəti Sammitində görüşünü məmnunluqla xatırlayıb. 

BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumunda Qazaxıstanın bu cür yüksək səviyyədə təmsil olunmasına görə minnətdarlıq edən dövlət başçısı bunu Qazaxıstanın həm Forumda müzakirə ediləcək məsələlərə olan marağının, həm də Azərbaycana münasibətinin yaxşı göstəricisi kimi dəyərləndirib. Qazaxıstan parlamenti Senatının sədrinin böyük nümayəndə heyəti ilə ölkəmizə səfərindən məmnunluğunu ifadə edən dövlət başçısı tədbirin maraqlı müzakirələrin aparılması və ölkələrimiz arasında ikitərəfli münasibətlərin gündəliyinin nəzərdən keçirilməsi üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu deyib.

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Qazaxıstan dövlətinin başçısına çatdırmağı xahiş edib.

0
23