Füzuli meydanı ətrafında yollarda dəyişikliklər ediləcək

Füzuli meydanı ətrafında yollarda dəyişikliklər ediləcək

Bakı şəhərinin Füzuli meydanından Nəriman Nərimanov prospektinə qədər və Təzəpir məscidi istiqamətində yolların genişləndirilməsi və inşası işlərinin davam etdirilməsi, habelə yeni yaşıllıq zolaqlarının yaradılması çərçivəsində aparılan yenidənqurma işləri zamanı avtonəqliyyat vasitələrinin hərəkətinin təşkilində mühüm dəyişikliklər nəzərdə tutulub.

"Azəravtoyol" ASC-dən Oxu.Az-a daxil olan məlumata görə, Füzuli meydanı ləğv edilərək mövcud parkın və Füzuli küçəsinin Nərimanov prospektinə qədər uzadılaraq yeni prospektin yaradılması nəzərdə tutulub.

Avtonəqliyyat vasitələri Nərimanov prospekti və Səməd Vurğun küçələrinə çatmamış yaradılacaq geridönmə hissələrindən istifadə edərək hərəkətlərinə davam edə biləcəklər. Bundan başqa, Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinədək yalnız sərnişin avtobuslarının hərəkəti üçün bir hərəkət zolağı ayrılacaq.

Qeyd edək ki, Füzuli meydanının ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması çərçivəsində “Azəravtoyol” ASC tərəfindən ümumi uzunluğu 6,1 km-ə yaxın olan 5 küçədə əsaslı yenidənqurma işləri həyata keçirilir. Yenidənqurma işləri Balababa Məcidov, Abdulla Şaiq, Mirzəağa Əliyev, Füzuli küçəsinin davamı və Nərimanov prospektində aparılır.

Əvvəllər bu küçələrin ensiz olması, üstəlik bir çox hissələrdə piyada səkilərinin olmaması avtonəqliyyat vasitələrinin, həmçinin vətəndaşların gediş-gəlişində xeyli çətinliklər yaradırdı. Yenidənqurma işləri çərçivəsində bu problemlər nəzərə alınaraq əvvəllər 5-8 metr enində olan küçələr 2-3 metr enində səkilər də nəzərə alınaraq 15-23 metrə qədər genişləndiriləcək, müasir içıqlandırma sistemləri qurulacaq, bundan başqa ictimai nəqliyyat üçün 14 ünvanda “cib”lik tikiləcək və müasir avtobus dayanacaqları qurulacaq.

E.Ə.

0
10