Azərbaycan Dillər Universitetində “Ölülər Günü” qeyd olundu

Azərbaycan Dillər Universitetində “Ölülər Günü” qeyd olundu

2 noyabr tarixi Meksikada “Ölülər Günü” kimi qeyd olunur. Bu bayram Meksikanın və dünyanın canlı irsinin ən vacib məqamlarından, həmçinin ölkənin yerli sakinləri arasında ən böyük əhəmiyyətə malik və ən qədim ənənələrindən biri olduğu üçün YUNESKO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi siyahısına daxil edilmiş yeddi Meksika mədəni adətindən biridir. “Ölülər Günü”nün qeyd olunması qədim köklərə malikdir və onun əsas məqsədi ölənlərin yad olunmasından ibarətdir. “Ölülər Günü”nün mənası ölümün həyatın bir parçası olduğunu göstərməkdir.

Bu barədə Oxu.Az-a Meksikanın Azərbaycandakı səfirliyindən bildirilib.

Bu Meksika adətini qeyd etmək və haqqında daha çox məlumat vermək məqsədilə bu gün Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Azərbaycan Dillər Universitetinə gəlmiş, bu təhsil ocağının müəllim-tələbə heyəti qarşısında çıxış etmişdir.

İlk öncə universitetin prorektoru Jalə Qəribova çıxışında Meksika səfirini salamlayaraq xalqlar arasında tanıtıma və yaxınlaşmaya xidmət edən bu cür tədbirlərin əhəmiyyətindən söz açdı. Regionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyeva çıxışında Meksika və Azərbaycanın milli mədəniyyətlərində oxşar ənənələrin mövcudluğundan xəbər verdi.

Səfir Labardini sözügedən Meksika bayramından, onun köklərindən və müasir qeyd olunma üsüllarından geniş məlumat təqdim etdi. Adıçəkilən mühazirə tədbir iştirakçıları arasında böyük marağa səbəb olmuş, tələbələr Meksika mədəniyyəti, qədim adətlərin qorunması və “Ölülər Günü” ilə bağlı bəzi anlayışların mənası haqqında öz suallarını verdilər.

Sonda bu bayram haqqında qısametrajlı film nümayiş olundu.

A.S.

0
10