"Əl-Fəcr" qəzetində Heydər Əliyevlə bağlı məqalə dərc edilib

"Əl-Fəcr" qəzetində Heydər Əliyevlə bağlı məqalə dərc edilib

Azərbaycanda səfərdə olmuş Birləşmiş Ərəb Əmirliklərində tanınmış “Əl-Fəcr” qəzetinin baş redaktoru Şərif Əl-Bəsilin ölkəmiz haqqında silsilə məqalələri çərçivəsində “Böyük işləri böyük şəxsiyyətlər yaradırlar. Heydər Əliyev Muzeyi.. Naxçıvanda Azərbaycan adında Vətənin işıqlı xatirəsi” sərlövhəli məqaləsi (http://www.alfajr-news.net/node/123524) qəzetin çap və elektron nüsxələrində işıq üzü görüb. Lent.az-ın məlumatına görə, məqalənin müqəddiməsində Ş.Əl-Bəsil haşiyə çıxaraq xüsusilə qeyd edib ki, Heydər Əliyevin prezidentliyi dönəmində vətənin inkişafı və xalqa xidmət amacını daşıyan ali missiyanı həyata keçirib. Azərbaycan xalqı ümumən və Naxçıvan əhalisi xüsusən dövlətin qurucusu olan  Heydər Əliyevlə fəxr etmək və xatirəsini yüksək tutmaq haqqına malikdir. Çünki Heydər Əliyev Azərbaycanın müstəqilliyini irəliyə aparıb, bütün dünyanın gözü önündə ölkəsinə unikal inkişaf intibahı yaşatdırıb. Əziz xatirəsi torpağın hər qarışında əbədiləşdirilib, xalqın qəlbində yaşayır".

Baş redaktor muzeyin məzmununa keçməzdən öncə oxucularla Heydər Əliyevin həyatı və fəaliyyəti barədə məlumatları bölüşüb. Diqqətə çatdırıb ki, uşaqlıqdan incəsənətə meyl göstərən, lakin o zaman bu sahədə ixtisaslaşdırılmış təhsil ocaqlarının yoxluğunun ulu öndəri Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsinə üz tutmağa vadar edir. Təhsilini başa vurduqdan sonra Heydər Əliyev dünya müharibəsinin getdiyini nəzərə alaraq, SSRİ-nin dövlət təhlükəsizlik orqanlarının sıralarına qoşulmağı qərar alır və sonrakı dövrlərdə bu sahədə ali vəzifələrdə çalışır. Sovet İttifaqı dövründə Azərbaycana rəhbərliyi əsnasında aparılan geniş tikinti-quruculuq işləri zamanı memarlıq sahəsində əldə etdiyi biliklərə arxalanaraq, memarlara öz tövsiyələrini verir. Ümummilli Lider Heydər Əliyev SSRİ dönəmində ali postlardan biri hesab edilən SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini icra edən yeganə müsəlman idi.

Ardınca Heydər Əliyevin adına Muzeydən söhbət açan Ş.Əl-Bəsil bu mədəniyyət ocağının 1999-cu ildə yaradıldığını oxucuların nəzərinə çatdıraraq, onun ölkənin qurucusu Ulu Öndər Heydər Əliyevin irsini özündə ehtiva etdiyini, ümummilli liderin orada bütünlüklə Azərbaycana, xüsusən də Naxçıvana rəhbərlik etdiyi intibah dövrünə aid məlumat və şəkillərin ziyarətçilərin ixtiyarına verildiyini qeyd edib, məhz Heydər Əliyevin hakimiyyəti illərində ölkədə hökumət müəssisələrinin yenidən qurulduğunu qabardıb.

Məqalənin müəllifi muzeyin həyətində ulu öndərin həyatından, fəaliyyətindən və ölkəsinin müstəqilliyi uğrunda səylərindən  bəhs edən 585 mənbəyi özündə cəmləşdirən kitabxananın yerləşdiyini bildirərək, orada ələlxüsus Şərq dövlətləri ilə əlaqələrin strategiyasını, o cümlədən İslam dövlətlərinin rəhbərləri ilə görüşləri əks etdirən 48 cildlik ensiklopediyanın, habelə xarici siyasəti haqqında 46 cildlik külliyyatının mövcud olduğu barədə oxuculara məlumat verib.

Muzeydə Heydər Əliyevin ordu quruculuğu və digər sahələrdə gördüyü işləri əks etdirən sənədli filmlərin varlığını qeyd edən Ş.Əl-Bəsil orada eyni zamanda, Heydər Əliyevin öz xətti ilə yazdığı, Vətəninə sevgisini ifadə edən sənədin yer aldığını yazaraq, orada Azərbaycanın müstəqilliyə qovuşacağına hər zaman inanan ulu öndərin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri qismində ordu quruculuğu, iqtisadiyyat və digər sahələrdə qəbul etdiyi mühüm qərarlar toplusunun nümayiş etdirildiyini qeyd edib. Həmçinin Ulu Öndər Heydər Əliyevin dünya liderləri ilə görüşlərini əks etdirən fotoşəkillərin, o cümlədən diplomlarının, qazandığı medal və ordenlərin, eləcə də 1930-cu ildə çəkilmiş, 2000-ci ildə isə xalçanın üzərində toxunmuş ailəvi fotoşəklinin və 75 illik yubileyi münasibətilə xalça üzərində toxunmuş, SSRİ dövlət təhlükəsizlik orqanlarının geyimində çəkilmiş fotoşəkilinin də muzeydə sərgiləndiyi nəzərə çatdırılıb.

0
4