Hüsniyyə Məhərrəmova: Bayram Kürdəxanlının meyxanalarını əzbər bilirəm

Hüsniyyə Məhərrəmova: Bayram Kürdəxanlının meyxanalarını əzbər bilirəm

Oxu.Az məşhur aparıcı Hüsniyyə Məhərrəmovanın Qafqazinfo-ya verdiyi müsahibəni təqdim edir:

- Siz Musiqi Akademiyasını bitirmisiniz. Maraq dairənizdə isə xarici musiqilər üstünlük təşkil edir...

- Musiqi ən sevdiyim mövzudur. Musiqi haqda saatlarla danışa bilərəm. Mən psixoloq deyiləm, amma bir insan mənə hansı musiqini dinlədiyini söyləyəndə özüm üçün onun psixoloji portretini artıq yaradıram. Özüm müxtəlif yaş dövrümdə fərqli musiqi cərəyanlarına qulaq asmışam. Bir zamanlar rok musiqisinin pərəstişkarı idim. İndi də çox sevirəm, amma yeniyetmə vaxtımda olduğu kimi “Sepultura”, “Megadeth”, “Dream Theatre” kimi “heavy” metal qruplarını (ağır rock) artıq dinləmirəm. Ümumiyyətlə, musiqidən bir qədər yorulmuşam. Əvvəllər albomlar alırdım, yükləyirdim, dinləyirdim. Heç bir yeniliyi buraxmırdım.

Saatın fərqinə varmadan “Grammy Award”, “MTV Award”, “BRİT Awards” və s. kimi bütün dünyada baş verən musiqi hadisələrini maraqla izləyirdim. İndi isə yatıram (gülür). Yəqin, qocalmışam. Amma bu, o demek deyil ki, dünya musiqi industriyasında baş verənlərdən bixəbərəm. Yeni ifaçılar, dəbdə olan elektron musiqi və hətta Castin Biberi də indi dinləyirəm. Mənə nə vaxtsa Castinin mahnılarına qulaq asdığımı desəydilər, həmin adamla ən azından çox ciddi mübahisəm olardı.

Bir məsələyə də toxunmaq istəyirəm. Məni, adətən, qərbə meyilli bir xanım kimi tanıyırlar və bu, belədir. Amma söyləmək istəyirəm ki, qərb musiqisini yaxşı bilməyimlə yanaşı, milli musiqini də kifayət qədər yaxşı bilirəm və sevirəm. Ailəmdə xalq musiqilərinə önəm verən şəxslər var. Babamgilin evində ölkənin ən yaxşı muğam ustaları gəlib çıxış edirdilər, musiqiçilər toplanırdı, muğam səslənirdi.

Belə bir ailədə böyümüşəm. Bir şeyi də deyim, mən meyxananı çox sevirəm. Meyxanaçı Bayram Kürdəxanlının bir çox meyxanasını əzbər bilirəm. Eşidəndən sonra ki, Vaqif Mustafazadə də əsərlərini yazmamışdan öncə meyxanaya qulaq asıb ilham alırdı, bu musiqi janrına sevgim daha da artdı.

- Hamı sizi kompleksiz bir aparıcı kimi tanıyır. Mənə elə gəlir ki, sizin kompleksləriniz var...

- Mənim o qədər kompleksim var ki... Əvvəllər daha çox idi. Məsələn, qulağımın biri başqa, digəri isə bir başqa quruluşdadır. Məktəbdə oxuyanda bunu özümə dərd edirdim, indi isə xoşuma gəlir, nağıllarda olan elflərə oxşayıram (gülür). Zaman keçdikcə bu kompleksimi aradan qaldırdım.

Bir sualın cavabını qoyub, digərinə keçirəm. Amma danışacam (gülür). Azərbaycanda belə bir tendensiya var. Hamı burnunu kəsdirir, defektlərini düzəltdirib ideal olurlar. Avropada isə hazırda tamam başqa bir dəb var. İndi orada qalın qaşlar dəbdədir, yekə qulaqlar, maraqlı burun formaları... Bir sözlə, təbiilik. Bütün bunları görəndən sora özümü daha çox sevməyə başlamışam. Nə olsun ki, qulaqlarım fərqlidir, burnum findıq boyda deyil, dişlərim aralıdır və s. amma təbiiyəm. Dəbdə də indi budur. Əvvəl boyuma görə də kompleksim var idi. İndi amma deyirəm ki, nə yaxşı ki, balaca boyluyam. Hər yerə yerləşirəm, rahat keçə bilirəm (gülür).

- “Sing your song” müsabiqəsinin üçüncüsü olmusuz. Bəs niyə müğənni kimi fəaliyyət göstərmədiniz?

- Uşaq vaxtı musiqi, karate, üzgüçülük kimi sahələrlə məşğul idim. Musiqi məktəbində oxuyanda xor dərsi var idi, orada səsimi eşitmişdilər. Demişdilər ki, qeyri-adi səsi var, Bakı Musiqi Akademiyasına müəllimin yanına apardılar, o da məni dinlədikdən sonra dedi ki, mütləq konservatoriyaya daxil olmalıyam. Başımı “bişirdilər”. Halbuki şərqşunaslıq, tarix, diplomatiya üzrə təhsil almaq istəyirdim. Səsimin dəyişən dövrünə düşdüyü üçün Bakı Musiqi Akademiyasının hazırlığına daxil oldum, orada oxuya-oxuya vaxtımı itirməmək üçün Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsinə daxil oldum. Adama deyərlər niyə?

Heç vaxt aktrisa olmaq istəməmişəm. Universiteti bitirdim, opera müğənnisi kimi təhsilimi artıq Akademiyada davam elədim. Təhsil ala-ala bir tanışım mənə dedi ki, Bakıda yeni yarışma başlayır. Gəl qoşulaq. Dedi ki, 5 min manatlıq uduş var, mən mahnı yazım, sən oxu, qalib olarıq, pulu da bölərik. Mən də o vaxtlar çox utancaq idim. Getdim, məni götürmədilər. Gələn il layihə ikinci dəfə keçirilirdi, tanışım yenə məni dilə gətirdi. Düşündüm ki, birinci dəfə alınmayıbsa, yenə alınmaz. Eyni mahnını oxudum, bu dəfə götürdülər. Çox bəyəndilər. Sonda bir neçə favorit oldu. Onlardan biri də mən idim.

A.S.

0
4