Türkiyə bankı Azərbaycandakı payına qiymət qoydu

Türkiyə bankı Azərbaycandakı payına qiymət qoydu

Türkiyənin “Ziraat Bank”ı “Azər Türk Bank” ASC-dəki payını təxminən 7 milyon manata sata bilər.

Oxu.Az xəbər verir ki, APA-nın hesablamaları bunu deməyə əsas verir.

“Ziraat Bank” “Azər Türk Bank”da iki səhm paketinə malikdir. Belə ki, “Azər Türk Bank”ın kapitalında iştirak payının 12,37%-i “T. C. Ziraat Bankası A.Ş.”-yə, 1,08%-i isə Türkiyənin dövlət bankının Almaniyadakı törəməsi olan “Ziraat Bank International A.G.”-yə məxsusdur. Ümumilikdə, “Azər Türk Bank”ın səhmlərinin 13,45%-i “Ziraat Bank”a aiddir.

Bankın səhmlərinin nominal dəyəri 1 manat təşkil edir. Maliyyə təşkilatının nizamnamə kapitalının 50 mln. manat olduğunu nəzərə alsaq, “Ziraat Bank” payının satışından 6 mln. 725 min manat əldə edəcək.

“Ziraat Bank”ın baş icraçı direktoru Hüseyn Aydın bildirib ki, səhmlər Azərbaycanın Maliyyə Nazirliyinə satılacaq.

Səhmlər Maliyyə Nazirliyinə deyil, bankın əsas səhmdarı olan Əmlak Məsələləri Dövlət Komitəsinə (ƏMDK) satılacaq. Qeyd edək ki, ƏMDK bankın səhmlərinin 75%-ə sahibdir. Proqnozumuz özünü doğrultsa, ƏMDK-nin bankın kapitalında iştirak payı 88,45%-ə çatacaq.

APA hesab edir ki, “Ziraat Bank” səhmlərinin satışından əldə etdiyi vəsaiti və ya onun bir qismini Azərbaycanda fəaliyyət göstərən törəməsi, yəni “Ziraat Bank Azərbaycan” ASC-yə ötürəcək.

H.Aydının açıqlamasından belə anlaşılır ki, “Ziraat Bank Azərbaycan” sektorda hələ uzun müddət qalmaq niyyətindədir. Yeri gəlmişkən, adıçəkilən bankın işləri heç də pis getmir - bank aktivlərini, o cümlədən kredit portfelini müvafiq olaraq 58% və 48% artırıb. Bundan başqa, törəmə bank III rübü 2 mln. manatlıq mənfəətlə başa vurub.

Lakin Türkiyə iqtisadiyyatında baş verən proseslər ucbatından “Ziraat Bank” törəməsinə lazımi maliyyə dəstəyi verə bilmir. Bunu nəzərə alaraq proqnozlaşdırmaq olar ki, “Azər Türk Bank”dakı səhmlərin satışından əldə olunan vəsait törəmə banka yönələcək.

U.A.

0
7