Manat ucuzlaşacaq?

Manat ucuzlaşacaq?

“Ötən ay Mərkəzi Bankın valyuta ehtiyatı 127,2 milyon dollar və ya 3% azalaraq 4 milyard 5 milyon 500 min dollara düşüb”.

Oxu.Az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Samir Əliyev valyuta ehtiyatlarının həcmi barəsində açıqladığı son hesabatı dəyərləndirərkən deyib.

“Bununla da ehtiyatın həcmi 8 il 9 ayda ən aşağı həddə çatıb. Sonuncu dəfə 2008-ci il yanvarın 30-u tarixinə valyuta ehtiyatı 3 milyard 928,5 milyon dollar olub. Bankın valyuta ehtiyatının rekord səviyyəsi isə 31 iyul 2014-cü ildə qeydə alınıb.

Həmin vaxt Mərkəzi Bank 15 milyard 193,4 milyon dollarlıq ehtiyata malik olub. 2014-cü ilin payızından başlayaraq dünya bazarlarında neftin ucuzlaşması fonunda manatı qorumaq siyasəti Mərkəzi Bank ehtiyatlarını 11,2 milyard dollar “əridib”, - deyə ekspert əlavə edib.

İqtisadçı ekspert S.Əliyev yaranmış vəziyyəti “ehtiyatların qırmızı həddə yaxınlaşması” sayır.

Onun fikrincə, bu vəziyyət Mərkəzi Bankın manevr imkanlarını azaldır:

“Mərkəzi Bank bu həddi keçmək niyyətində deyil. Ona görə də zəruri ehtiyac olmadan valyuta hərracında iştirak etməyə maraq göstərməyəcək. Başqa sözlə, Mərkəzi Bank dollar satmağı faktiki olaraq dayandıracaq”.

Manatın son hərraclarda ucuzlaşması isə tələbin yenə təklifi üstələməsini göstərir. Ölkədə dolların digər mənbəyi – Dövlət Neft Fondudur. Amma ekspertin sözlərinə görə, ilin sonunadək qalan müddətdə fondun da neft satmaq imkanları çox olmayacaq: “İl sona yetir, Neft Fondu öz öhdəliklərini əsasən yerinə yetirib.

Fond yola saldığımız 10 ay ərzində bazarda təxminən 6,5-7 milyard manat ekvivalentində dollar satıb. Fondun büdcə öhdəliyi isə 7,6 milyard manatdır. Digər xərcləri də nəzərə alsaq Fond ilin sonuna ən yaxşı halda 1-1,5 milyard manat ekvivalentində dollar sata biləcək. Bu isə aylıq 400-450 milyon dollar edir”.

S.Əliyev bildirir ki, Mərkəzi Bank isə ehtiyatlarını qorumağa çalışacaq və kritik hal yaranarsa, bazara uzağı 100-200 milyon dollar çıxaracaq:

“Bununla da hərracda tələb yenə də üstünlüyünü qoruyub saxlayacaq. Deməli, ilin sonuna kimi manatın ucuzlaşması prosesi davam edəcək”.

U.A.

0
6