Neftin qiymətlərinin ucuzlaşma səbəbi açıqlandı

Neftin qiymətlərinin ucuzlaşma səbəbi açıqlandı

ABŞ-da neft ehtiyatlarının həcmi ekspertlərin proqnozundan 9 dəfə çox olub. Dünən, noyabrın 1-də neftin qiymətləri ABŞ-da açıqlanan neft ehtiyatlarında artım xəbəri səbəbindən düşməyə davam edib.

Oxu.Az-ın məlumatına görə, “Report” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Amerika Neft İnstitutunun (APİ) həftəlik hesabatına əsasən, oktyabrın 23-28-də ABŞ-ın neft ehtiyatları 9,3 milyon barel artıb.

Bu da ekspertlərin proqnozundan 9 dəfə çoxdur. Qeyd edək ki, bu gün ABŞ Energetika Nazirliyi tərəfindən neft ehtiyatlarının rəsmi statistikasının açıqlanması gözlənilir.

Ekspertlər ehtiyatlarda 1,013 milyon barel və ya 0,21% artımın olacağını ehtimal edirlər. Bununla da ABŞ-ın neft ehtiyatlarının 469,21 milyon barelə çatması gözlənilir.

Bundan başqa, neft qiymətlərinə noyabrın 30-da Vyanada keçiriləcək OPEK sammitində neft hasilatının mümkün məhdudlaşdırılması ilə bağlı razılaşmanın əldə olunmasının çətinləşməsi birbaşa təsir edir.

Belə ki, son hadisələr bir çox ölkənin hasilatı maksimum səviyyəyə çatdırdığını, bəzi ölkələrin isə hasilatı məhdudlaşdırmağa, ümumiyyətlə, razı olmadığı müşahidə edilir. Bununla yanaşı, neft qiymətlərinin 50 dollar/barel səviyyəsinə yaxınlaşması ilə ABŞ-da hasilatın artdığını görürük. Bu da neft bazarında bir qədər də gərginliyin yaranmasına səbəb olur.

“Bloomberg” agentliyinin xəbərinə görə, ABŞ “Citibank”ının analitikləri bildiriblər ki, Vyana sammitində müsbət nəticə əldə olunmasa, neft qiymətləri 45 dollar/barelə enə, əksinə, əldə olunarsa, 55 dollar/barelə qədər yüksələ bilər.

“Report”un analitik qrupu bildirir ki, Brent markalı neft ABŞ neft ehtiyatlarının azalması xəbərindən sonra 47,70 dollar/barelə enib.

Hazırda Brent markalı neft 47,85 dollara satılır. Bununla da son 3 həftədə neftin qiyməti 6 dollar/barel və ya 11%-dən çox azalma göstərib.

Neft qiymətlərinin həftə sonuna qədər 45 dollar/barelə qədər enməsi proqnozlaşdırılır. İlin sonuna qədər isə neft qiymətlərinin 40 dollar/barel səviyyəsində sabitləşəcəyi ehtimal edilir.

U.A.

0
8