Azərbaycanın sabiq naziri federasiyadan uzaqlaşdırılır

Azərbaycanın sabiq naziri federasiyadan uzaqlaşdırılır

Azərbaycan Həndbol Federasiyası maliyyə çırpıntıları içərisindədir.

Oxu.Az xəbər verir ki, bu haqda Sport7.Az saytı məlumat yayıb.

Saytın yazdığına görə, bu quruma rəhbərlik edən keçmiş İqtisadi inkişaf naziri Heydər Babayev uzun müddətdir ki, federasiyaya maliyyə vəsaiti ayırmır.

Xəbərdə deyilir ki, H.Babayev nazir postundan çıxarıldıqdan sonra bir şərtlə federasiyadakı işindən çıxarılmayıb ki, bu müddətdə biznes imperiyasına toxunulmayacaq və bu imperiyadan maddi yardım həndbola da ediləcək. Lakin bu şərt faktiki olaraq pozulub.

Həndbol Federasiyasının baş katibi Rafiq Rzayevin deyir: “Federasiyanın prezidenti Heydər Babayev niyə maliyyə vəsaiti ayırmır? Bunu onun özündən soruşmaq lazımdır. Çoxdandır onu görməmişəm. Əslində Babayev özü dəfələrlə deyib ki, federasiyadan ayrılmaq istəyir. Ancaq qoymurlar”.

Sayt yazır ki, millimizin həndbolçularının maksimum maaşı 500 manatdan o tərəfə keçmir. Bu, futbol və voleybolla müqayisədə komanda idman növləri üçün çox aşağı puldur. Belə də komandanın dünya çempionatının seçmə mərhələsindən çəkilməsi başa düşüləndir. Elə Bakıda keçirilmiş I Avropa Oyunlarının proqramına da həndbolun salınmamasının səbəbini anlamaq elə də çətin deyil. Bu komanda bizi ancaq orda biabır edə bilərdi!

“Holdinqinin yaxşı vaxtlarında həndbola pul ayırmayan Babayevin bundan sonra dərdə dərman olmayacağını artıq hamı anlayıb” yazan saytın əldə etdiyi xəbərə görə, həndbol (üstəlik, kişi həndbolu da!) gələn il Bakıda keçiriləcək İslam Oyunlarına daxil edilməyib.

Xəbərdə MOK-un hazırda federasiya prezidenti postuna pul yatırımı edə biləcək namizəd axtardığı qeyd olunur:

“Təsadüfi deyil ki, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə də bildirib ki, noyabrda MOK-un VII Baş Məclisində federasiyalara pul ayırmayan prezidentlərin istefası tələb olunacaq. Artıq Heydər Babayevə ayrılmaq istədiyi yol görünüb və heç kəs onu saxlamaqda maraqlı deyil”.

E.Ə.

0
5