AZAL “Dreamliner”lərlə bağlı açıqlama verdi

AZAL “Dreamliner”lərlə bağlı açıqlama verdi

“Əlavə yoxlamaların aparılmasının zəruriliyi barədə müvafiq göstəriş gəlib”.

“Boeing 787 Dreamliner” təyyarələrinin mühərriklərində aşkarlanan problem “GEnx-1B PIP2” model mühərriklərə aiddir və artıq istehsalçılardan bu tip mühərrikli təyyarələri istismar edən aviaşirkətlərə əlavə yoxlamaların aparılmasının zəruriliyi barədə müvafiq göstəriş gəlib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin  (AZAL) mətbuat xidmətindən bildirilib.

“AZAL-ın təyyarə parkına daxil olan hər iki “Boeing 787 Dreamliner” təyyarələrində quraşdırılan “General Electric” mühərriklərinin seriya nömrəsi texniki qüsurun aşkarlandığı mühərrik kateqoriyasına daxil deyil. Buna baxmayaraq, AZAL-ın mühəndis-texniki heyəti “General Electric” və “Boeing” şirkətləri ilə bu məsələyə dair məsləhətləşmələr aparır və lazım gələrsə hava gəmilərinin mühərriklərində əlavə işlər görüləcək. 

Onu da qeyd edək ki, bütün növ hava gəmilərinin aparılan müntəzəm texniki yoxlamaları və auditlər normal istismar zamanı onların təkmilləşdirilməsinə dair bəzi tövsiyələr tələb edə bilər. Bununla bağlı istehsalçılar tərəfindən əlavə servis bülletenləri buraxılır ki, bu da normal dünya praktikasıdır”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, “Boeing 787 Dreamliner” ən müasir sərnişin təyyarələrindən biridir. 250-dən çox bu tipli təyyarələr dünyanın 29 ölkəsində 30-dan çox aviaşirkət tərəfindən istismar olunur. Bu tipli təyyarənin ümumi uçuş müddəti 3 milyon saatdan çoxdur.

Xatırladaq ki, ABŞ AZAL-ın da parkında yer alan “Boeing 787” təyyarələrinin mühərriklərində ciddi problem aşkarlandığını bəyan edib.

0
15