Tanınmış ərəb qəzeti Azərbaycandan yazdı

Tanınmış ərəb qəzeti Azərbaycandan yazdı

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) tanınmış “Əl-Fəcr” qəzetinin baş redaktoru Şərif Əl-Bəsilin Azərbaycandan yazıb. Lent.az-ın məlumatına görə, onun “Azərbaycan Qafqazın mirvarisı...Ərəb turistlərinin turizm qibləsi” sərlövhəli məqaləsi (http://www.alfajr-news.net/node/123174) qəzetin çap və elektron nüsxələrində dərc olunub.

Məlumat üçün bildirək ki, çap variantında müxtəlif rəngli şəkillərlə əhatə olunan qəzetin bir səhifəsi tamamilə məqaləyə həsr edilib.

Baş redaktor Azərbaycanın ümumən dünyanın və xüsusən də Orta Asiya ölkələri içərisində ən gözəl ölkələrdən biri olduğunu oxucuların diqqətinə çatdıraraq, qədim tarixin nəhəng xəzinəsi və təbii gözəlliklər ilə zəngin olan ölkəmizin turistlərin cəlb edilməsi üçün lazımi əsaslara malik olduğunu qabardıb, respublikamızın şanlı keçmiş, sehrli reallıq və parlaq gələcəkdən ibarət unikal aləm olduğunu özəlliklə qeyd edib. Bundan əlavə, gələn qonaqların Heydər Əliyev adına Beynəlxalq Hava Limanına düşdükləri ilk andan gülərüzlük, sərhəd-keçid məntəqələrində isə icraatların asanlığı ilə üzləşməsinə diqqət çəkilib.

Azərbaycanın Qafqaz regionunun ən əmin-aman ölkəsi olduğunu vurğulayan Ş.Əl-Bəsil istənilən Körfəz turistinin 2 saat müddətində Azərbaycan Hava Yolları və “Fly Dubai” aviaşirkətləri vasitəsilə Bakıya çata biləcəyini yazaraq, 2017-ci ilin mart ayında Şarca Əmirliyinə məxsus “Air Arabia” aviaşirkətinin Şarca-Bakı marşrutu üzrə ilk uçuşa başlayacağını, eləcə də Qəbələ və Naxçıvana birbaşa hava əlaqələrinin yaradılması yönündə səylərin göstərildiyini məlumat üçün bildirib.

Sonra baş redaktor paytaxt Bakının gözəlliklərindən və yaşıllığından, o cümlədən Alov Qüllələri və digər möhtəşəm mehmanxanalarından, Heydər Əliyev Mərkəzi, İçəri Şəhər Tarix-Memarlıq Qoruğu, Şəhidlər Xiyabanı, “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu və s. kimi tarix və mədəniyyət abidələrindən, habelə 13 kilometrlik məsafəyə uzanan Dənizkənarı Milli Parkdan bəhs etdiyi zaman dövlətimizin bugünkü gününə görə məhz ölkənin qurucusu və həyatını ona fəda etmiş Heydər Əliyevə borclu olduğunu önə çəkib. Vurğulayıb ki, Heydər Əliyev öz müdrikliyi və məsuliyyəti ilə xalqın arzularını reallığa, Azərbaycanı isə qlobal səhnədə fəal dövlətə çevirməyə müyəssər oldu.

O, bu kursun bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, Vətənin inkişafı naminə xalqının istək və məqsədlərinə inanan əzmkar lider Prezident İlham Əliyevin mühüm siyasi və inkişaf təcrübəsinin sahibi olaraq öz xalqının etibarını, eləcə də beynəlxalq ictimaiyyətin ehtiramını qazandığını xüsusilə qeyd edib.

Daha sonra məqalənin müəllifi ziyarət etdiyi Quba və Qəbələnin ecazkar təbiəti və turizm imkanları ətrafından təfsilatlı yazıb. Belə ki, o, Qəbələni təsvir edərkən ilk növbədə buranın təkrarolunmaz təbii mənzərəsini və bu mənzərənin dağların, təpələrin, düzənliklərin, meşələrin və yaşıl ərazilərin sintezindən ibarət olduğunu qeyd edib, qonaqların münasib qiymətin qarşılığında kanat yolu ilə dağlara çıxmaq və yüksəklikdən möhtəşəm mənzərədən zövq almaq imkanı əldə etdiyi barədə məlumat verib.

Oxucuların diqqətini Qəbələdə yerləşən əyləncə parkının Azərbaycanda ən böyük əyləncə mərkəzi olduğuna çəkən Ş.Əl-Bəsil “Qəbələnd” adlanan həmin ərazidə böyük və uşaqlar üçün əyləncələrin mövcudluğunu xüsusilə qeyd edib, rayonda muzey və ticarət mərkəzləri ilə yanaşı, Qafqazda ən böyük dağ xizəyi kurortlarından birinin fəaliyyət göstərdiyini qabardıb.

Qubaya gəldikdə, məqalənin müəllifi Azərbaycanın şimalında, Böyük Qafqaz dağlarının  şimal-şərq yamaclarında yerləşən bu rayonun təbii mənzərəsindən söz açaraq, Qəbələdən fərqli olaraq, burada, həmçinin yüksəklikdən axan şəlalələrin, eləcə də çayların və müalicəvi xüsusiyyətlərə malik bulaqların varlığını özəlliklə qeyd edib, müalicəvi turizmin inkişaf etdiyini, habelə mövcud zəngin turistik infrastrukturuna görə Qubanın da Qəbələ kimi ərəb turistlərinin ən arzu olunan turizm istiqaməti olduğunu oxucuların nəzərinə çatdırıb.         

Məqalədə, Azərbaycan xalqının öz adət-ənənələrini folklor, musiqi və festivallar vasitəsilə hər zaman ifadə etdikləri də qeyd edilib.

0
10