Məhəmmədhüseyn Şəhriyarın 110 illik yubileyi qeyd edilib – FOTO

Məhəmmədhüseyn Şəhriyarın 110 illik yubileyi qeyd edilib – FOTO

Oktyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində görkəmli Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 110 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib. Tədbir Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı ilə reallaşıb.

Yubiley tədbirində şairin həyatından bəhs edən videoçarx nümayiş olunub.

Bu barədə Oxu.Az-a nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

AYB-in sədri, Xalq yazıçısı Anar tədbirdə böyük söz ustadının yaradıcılığından söhbət açıb.

AYB-in şöbə müdiri Sayman Aruz XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan M.H.Şəhriyarın zəngin və çoxcəhətli yaradıcılığından danışıb.

Tədbirdə çıxış edən Mili Məclisin deputatı Qənirə Paşayeva Şəhriyarın bütün türk dünyasının şairi olduğunu söyləyib.

Şəhriyarşünas alim Esmira Fuad, iranlı qonaq Məhəmməd Rza Rəhmani və digər çıxış edənlər Şəhriyarın xalq yaradıcılığından bəhrələnərək ümumbəşəri və milli dəyərləri, tariximizin taleyüklü anlarını əks etdirən əsərlər yaratdığını söyləyiblər.

Tədbirdə şairin şeirləri oxunub, incəsənət ustalarının ifasında onun şeirlərinə yazılmış mahnılar səsləndirilib.

Şairin oğlu Hadi Behcət Təbrizi tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Sonda ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinə Mədəniyyət və Turizm Nazirliyinin və AYB-in təsis etdiyi “Şəhriyar” ədəbi diplomu hədiyyə edilib.

A.S.

0
34