Xəzər rayonunda narkomaniyaya qarşı tədbir keçirilib

Xəzər rayonunda narkomaniyaya qarşı tədbir keçirilib

Xəzər rayonunda narkomaniyaya qarşı mübarizə mövzusunda tədbir keçirilib.

Oxu.Az-a daxil olan məlumata görə, Xəzər rayonunun Qala qəsəbəsində yerləşən 92 saylı və Şağan qəsəbəsində yerləşən 124 saylı orta məktəbdə “Narkotikə yox deyək” və “Narkomaniya sosial bəladır” mövzusunda tədbir keçirilib.

Tədbirdə Xəzər Rayon Polis İdarəsinin rəisi Azər Muradov, rəis müavini İsmayıl Qasımov, Xəzər Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Xəzər Rayon Mərkəzi Xəstəxanasının baş narkoloqu Zakir Cabbarov, DİN-nin Polis Akademiyasının müəllimləri Elmir Şirinov və Osman Vəliyev şagirdlər qarşısında çıxış ediblər.

Xəzər Rayon Polis İdarəsinin rəisi Azər Muradov bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını və cinayətkarlığın artmasına səbəb olduğunu qeyd edib.

124 nömrəli məktəbdə təşkil olunan analoji tədbirdə isə 450-yə yaxın şagird və müəllim heyəti iştirak edib.

İdarənin rəis müavini İsmayıl Qasımov ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində ciddi tədbirlər görüldüyünü bildirib. O, yeniyetmə və gənclər arasında narkomaniyaya qarşı mübarizə üzrə təbliğat işlərinin aparılmasında ailənin və təhsil müəssisələrinin üzərinə daha çox məsuliyyətin düşdüyünü vurğulayıb.

Qeyd edək ki, tədbirin sonunda bu bəlaya düçar olanlar barəsində süjet təqdim olunub, şagirdləri maraqlandıran mövzular barədə fikir mübadiləsi aparılıb. “Narkomaniyaya yox deyək” mövzusunda rəsm müsabiqəsinin qalibləri Xəzər RPİ-nin rəisi Azər Muradov tərəfindən fəxri diplomlarla təltif olunublar.

0
9