Yəmən prezidenti BMT-nin planını rədd etdi

Yəmən prezidenti BMT-nin planını rədd etdi

Yəmən prezidenti Abd Rəbbu Mənsur Hadi ölkədəki münaqişənin həllinə dair BMT-nin planından imtina edib.

APA-nın xəbərinə görə, bu barədə “Anadolu” prezidentin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qeyd olunan bəyanat Hadinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda BMT-nin səlahiyyətli nümayəndəsi İsmayıl Üld Şeyx Əhmədlə görüşü zamanı səsləndirilib.  

Prezidentin sözlərinə görə, BMT-nin planı 2014-cü ildən Yəmənin paytaxtı Sananı nəzarətə götürmüş  üsyançı husilərin dövlət çevrilişini rəsmiləşdirir.  

BMT-nin planına əsasən, prezident Hadi hakimiyyəti vitse-prezidentə verməli, o isə, öz növbəsində, vahid hökumət yaratmalıdır.

İsmayıl Üld Şeyx Əhməd ötən həftə “yol xəritəsini” münaqişə tərəflərinə təqdim etdiyini açıqlamışdı.

Bundan əvvəl apreldə tərəflər arasında BMT-nin vasitəçiliyi ilə təşkil olunan danışıqlar nəticəsiz olub.

2014-cü ildən davam edən münaqişə dövründə təxminən 7 min nəfər ölüb, 3 mln. nəfər məcburi köçkün vəziyyətinə düşüb.      

0
7