ABŞ-ın Ticarət Palatası Amerika şirkətlərini regionumuzla əməkdaşlığa çağırır

ABŞ-ın Ticarət Palatası Amerika şirkətlərini regionumuzla əməkdaşlığa çağırır

Məqalə dərc edilib.

ABŞ-ın nüfuzlu Ticarət Palatası tərəfindən regionumuza həsr olunmuş “Avrasiya bazarını yenidən nəzərdən keçirmək” adlı məqalə (https://www.uschamber.com/issue-brief/revisiting-the-eurasian-market) dərc edilib. 

Azərbaycanın ABŞ-dakı Səfirliyindən Oxu.Az-a daxil olan məlumata görə, adıçəkilən qurumun əməkdaşı Maykl Şvartsmanın müəllifi olduğu yazıda 28-29 aprel 2016-cı il tarixində Vaşinqton şəhərində təşkil olunacaq ilk “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit” forumu xüsusi vurğulanır. 

Müəllif bildirir ki, forum ABŞ şirkətlərinin dəmir yolu, dəniz və yük daşımaları sahəsində region ölkələrindən səfər edəcək nümayəndələr ilə ünsiyyət qurmaq üçün mühüm platforma olacaqdır. Məqalədə ABŞ Ticarət Palatasının və bu qurumun Azərbaycan, Gürcüstan və Qazaxıstandakı nümayəndəliklərinin adıçəkilən tədbirin rəsmi tərəfdaşları olduğu və forumda transkontinental yük daşımalarını asanlaşdıracaq regiondakı yeni ticarət yolları barədə məlumatların veriləcəyi qeyd olunur.  

Avrasiya region ölkələrinin iqtisadi sahədə əldə etdiyi uğurlardan bəhs edən məqalədə müəllif Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə biliklərə əsaslanan iqtisadiyyatın qurulması üçün inkişaf planı, xüsusilə iqtisadiyyatı diversifikasiya etməklə qeyri-neft sektorunda ÜDM-nin iki dəfə artırılmasının hədəf göstərildiyi “Azərbaycan 2020: Gələcəyə Baxış” inkişaf konsepsiyasının təsdiq edildiyini vurğulayır. 

Bununla yanaşı, məqalədə ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafı etdirilməsinin bu planın mühüm tərkib hissəsi olduğu göstərilir.

Eyni zamanda, müəllif 264 milyon nəfər əhaliyə və 1,8 trilyon ÜDM-yə malik Avrasiyanın qlobal iqtisadiyyat üçün vacib region olduğunu və bununla əlaqədar, ABŞ şirkətləri tərəfindən həmin bazarın yenidən nəzərdən keçirməsinin vaxtı gəldiyini qeyd edir. 

Məqalədə bildirilir ki, regionda əhalinin alıcılıq qabiliyyətinin artması ilə yaşayış standartları yaxşılaşmağa başlamışdır və nəticədə bu regiona investisiya cəlbedici olacaqdır. 

Qeyd edilməlidir ki, ABŞ-ın Ticarət Palatası kimi aparıcı qurum tərəfindən belə məqalənin yayılması bu ölkədə “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit” forumuna və ümumilikdə, regionumuza olan böyük marağın göstəricisidir. 

0
16