Cenk Tosun: “Beşiktaş”da Mario kimi futbolçu varsa, mənim önə çıxmağıma hələ var

Cenk Tosun: “Beşiktaş”da Mario kimi futbolçu varsa, mənim önə çıxmağıma hələ var

“Beşiktaş”ı sevirəm”.

Oxu.Az Türkiyə milli komandasının və “Beşiktaş” klubunun futbolçusu Cenk Tosun ilə müsahibəni təqdim edir:

- Ailəniz haqda danışardınız, necə oldu ki futbolçu oldunuz?

- Mən kənddə doğulub böyümüşəm. Futbola kiçik yaşımdan həvəs göstərmişəm, artıq 6 yaşımdan oynamağa başlamışam. Bir müddət uşaq komandasında oynadım, 2007-ci ildə, 16 yaşında olanda U-19-da məşqlərə başladım və artıq oynamağa sansım daha çox oldu.

Yavaş-yavaş məni kəşf etməyə başladılar. Ailəm mənə tam dəstək oldu. Çünki atam, əmilərim, babalarım məhz futbolla məşğul olublar. Ona görə də ailədə mənə tam dəstək verirdilər.

- Düşünürdünmü ki, nə vaxtsa məşhur futbolçu olasan və səni komandanın ən sevimli futbolçusu kimi təqdim etsinlər?

- Mən hər zaman nəyisə əldə etmək istəmişəm, hansısa pilləyə qalxmaq istəmişəm. Şükür ki, bu gün istədiklərimi etmişəm, amma hələ yenə də arzum, istəyim var.

- Bəzən uğursuzluqlar da səndən yan ötmədi..

- O, həmişə olmur, hərdən insanın həyatında ugursuzluq da olur, karyeramdan da yan ötməyib.

- 2010-11-ci illərdə məşqlərdə komandayla iştirak etsən də, nəsə oyunlarda yer almadın, özəl bir səbəbi var idi, yoxsa...?

- O da yəqin, şanssızlığımdan irəli gəlirmiş (gülür). Özəl səbəbi yox idi, sadəcə, məşqçilər nə deyir, onu edirik.

- Karyerana, demək olar ki, Almaniyada başladın, bəs niyə orada davam etdirmədin?

- Bəli, karyerama orada başladım, ilk addımlarımı orada atdım. Qısa zaman ərzində Almaniyanın milli komandasında yer aldım. U-21-də olarkən İngiltərə ilə oyunda fərqləndiyimi özümdə hiss etdim.

- Türkiyə kimi bir ölkədə futbol oynamaq, ən önəmlisi də milli komandada olmaq, bu, səncə şansın idi, yoxsa əziyyətinin qarşılığı?

- Mən artıq yüksəldikcə, hiss edirdim Türkiyə futbolunda olmalıyam. Bu, mənim həm əziyyətimin bəhrəsi idi, həm də şansımın gətirməyi idi. Bir müddət Türkiyədə “Gaziantepspor”la oynadım. Bu komandalarda oynadıqca özümün səhvini, düzünü aydınlaşdırırdım, ancaq istəyim “Beşiktaş”da oynamaq idi və bu gün onu da etdim.

- Səncə Türkiyə futbolu istədiyi yerdədi, yoxsa...?

- Bu gün önəmli komandalarla oyunumuz gerçəkləşirsə və biz nəyisə bacarırıqsa, deməli, istədiyimiz yerdəyik. Türkiyə böyük ölkədir və biz qədimliyimizlə, türk, müsəlman olmağımızla seçilirik, niyə də futbolumuzla seçilməyək?! Hələ çox şeylər əldə edəcəyik.

- Özündə hansı xüsusiyyəti bəyənmirsiz?

- Düzünü, səmimi deyirəm, insanlara tez inanıram, güvənirəm. Biri üzümə gülən kimi, deyirəm bundan başqası yoxdur, ancaq sonra görürəm ki, boş şeydir. İstəyərdim ki, bunu özümdə düzəldim, amma alınmır.

- Bu gün “Beşiktaş”ın seçilən futbolçularındansan, amma niyə daha çox önə çıxmırsan?

- “Beşiktaş”da Mario kimi futbolçu varsa, mənim önə çıxmağıma, demək, hələ var (gülür). O, çox güclü futbolçudur və oyuna da məhz o çıxır, ehtiyatda qalıram, nə edim (gülür).

- “Beşiktaş” özünə görə seçilmiş komandadır. Səni fenerli ya da qalatasaraylı olaraq görə bilərik?

- Hələ ki, düşünmürəm. “Beşiktaş”ı sevirəm, məni burada sevirlər, mən də özümü burada sevirəm. Və komandanı da sevirəm və hələ ki, bir neçə illik müqaviləm var, görək də..(gülür).

- Səncə ən yaxşı komanda, futbolçu kimdir?

- Hər bir komanda özünə görə güclüdür. Təbii ki, öz komandamı seçirəm, futbolçulardan isə elə Mario Gomez, Oğuzhanı, Atibanı deyə bilərəm.

- Azərbaycanda heç olmusanmı və bizim klublardan tanıdığın varmı?

- Azərbaycanı çox görmək istəyirəm. Bu ölkənin insanlarını sevirəm, millət olaraq onsuz ayrı deyilik, yaxın ölkəyik. Bakı klubunu, “Qarabağ” klubunu tanıyıram. Deyərdim ki, “Qarabağ” klubu güclü komandalarla oynayıb, özlərini yaxşı göstəriblər. Düşünürəm ki, “Qarabağ” öz yerini tutacaq.

- Bir neçə il sonra özünüzü harada görmək istərdiniz?

- Bu gün milli komandanın və “Beşiktaş”ın futbolçusuyam və daim inkişafa doğru getməyi düşünürəm. Futbolu sevirəm, karyeramda çox irəliləmək istəyirəm, buna həm fiziki gücüm, həm də yaşım imkan verir. Çalışacam ki, bir neçə il sonra ən yaxşı yerlərdə olum. Və bunu məni sevənlər də görəcək.

Nərmin Kazimova

0
41