“Tik – idarə et – təhvil ver”

“Tik – idarə et – təhvil ver”

İnvestisiya layihələrinin xüsusi maliyyələşmə modeli tətbiq edilir.

Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında Qanun dərc edilib.

Yeni qanun “Tik –idarə et– təhvil ver” modelinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Bu model tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investisiya xərclərinin (əldə ediləcək gəlir də daxil olmaqla) investora, onun istehsal etdiyi mal və xidmətlərin istehlakçılar və ya İqtisadiyyat Nazirliyi tərəfindən müqaviləyə uyğun olaraq satınalma yolu ilə ödənməsini nəzərdə tutur.

Hüquqşünas Oktay Məhərrəmov dəyişikliyi şərh edərkən Oxu.Az-a bildirib ki, bu model artıq dünya iqtisadiyyatında geniş tətbiq edilən “Build–operate–transfer” (BOT) layihə idarəetmə modelidir.

“Model əsasında investor xüsusi maliyyələşdirmə şərtləri ilə tikinti və infrastruktur obyektlərinin tikintisini (inşasını, cari və əsaslı təmirini, yenidən qurulmasını, bərpasını), bundan sonra onun idarə edilməsini və nəhayət, müqavilə müddəti bitdikdən sonra dövlətə təhvil verilməsini həyata keçirir.

Bu model körpülər, tunellər, su, elektrik, istilik və qaz təsərrüfatı obyektləri, mətbuat və konfrans mərkəzləri, təhsil, səhiyyə, mədəniyyət və turizm obyektləri, kommersiya məqsədli binalar, fabriklər və zavodlar, idman mərkəzləri, yataqxanalar, istirahət və əyləncə parkları, sənaye və yüksək texnologiyaya kompleksi obyektləri, şoselər, avtomagistrallar, dəmir yolu, logistika mərkəzləri, yeraltı və yerüstü avtomobil dayanacaqları, dəniz və hava limanlarına və s. tətbiq edilir.

Bu model əsasında icra edilmiş ən məşhur investisiya layihələrindən biri kimi Adelaida – Darvin transavstraliya dəmir yolunun yenilənməsini göstərmək olar.

Model əsasında icra edilən investisiya layihəsi çərçivəsində investorun xərcləri istehlakçılar tərəfindən ödənilən xidmət haqları və İqtisadiyyat Nazirliyi tərəfindən verilən əməkdaşlıq yardımı ilə ödənilir.

Layihənin icrası həyata keçirilən fəaliyyətlə bağlı dövlət rüsumlarından və yığımlardan azaddır. Həmçinin bu modelin tətbiqi zamanı investorlar qarşısında götürülmüş öhdəliklərin icrasına dövlət zəmanəti verilir.

Həmçinin qeyd etmək lazımdır ki, investisiya layihələrinin investorlar tərəfindən “Tik-idarə et-təhvil ver” modeli çərçivəsində həyata keçirilməsinin şərtləri, investorlar qarşısında qoyulan tələblər, bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi qaydaları ayrıca olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən ediləcəkdir.

Ölkə iqtisadiyyatına daha çox investisiya cəlb edilməsinə istiqamətlənmiş bu model iqtisadiyyatımızın inkişafı üçün əlavə hüquqi və iqtisadi alətə çevrilə bilər”, - deyə, Oktay Məhərrəmov bildirib.

0
27