Bakıda zibillikdən 44 ədəd sənəd və 21 bank kartı tapıldı – FOTO

Bakıda zibillikdən 44 ədəd sənəd və 21 bank kartı tapıldı – FOTO

“Təmiz Şəhər” məlumat yayıb.

Bakıda tullantılar arasından 4 ədəd avtomobil nömrəsi, 44 ədəd sənəd və 21 bank kartı tapılıb.

Oxu.Az xəbər verir ki, “Təmiz Şəhər” ASC zavodda aşkar etdiyi tapıntıları polisə təhvil verib. 

Bu əşyalar Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodunda (BMTÇZ) şəhərdən yığılmış məişət tullantıları arasında aşkar edilib. 

“Bakıdan yığılan tullantılar BMTÇZ-də “Təmiz Şəhər”ə təhvil verilir. Tullantılar bu zavodda çeşidlənir, təkrar emala yararlı metal, şüşə, plastik, kağız və s. materiallar ümumi kütlədən ayrılaraq xammal kimi uyğun müəssisələrə göndərilir. 

İş prosesi zamanı tullantılar arasında tullantı olmayan əşyalara (sənəd, nömrə, silah, pul, dəyərli əşya və s.) rast gəlindikdə isə, onlar götürülərək aidiyyəti üzrə təhvil verilir. 

Sənədlər arasında şəxsiyyət vəsiqələri, pasportlar, əmək kitabçaları, təhsil və doğum haqqında şəhadətnamələr, tələbə bileti, avtomobil sənədləri və nömrələri var.

Bu cür əşyalarını itirən şəxslər polisə müraciət edərək tapılanların onlara aid olub-olmadığını dəqiqləşdirə və təhvil ala bilərlər”. -  “Təmiz Şəhər” ASC məlumat yayıb.

0
43