İƏT Gömrük Xidməti Rəhbərləri Şurasının növbəti iclası keçirilib

İƏT Gömrük Xidməti Rəhbərləri Şurasının növbəti iclası keçirilib

Oktyabrın 19-da Tehran şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatı Gömrük Xidməti Rəhbərləri Şurasının 7-ci iclası keçirilib. Lent.az Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, tədbirə Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistan gömrük xidmətlərinin nümayəndələri qatılıb.

İclasda Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Toplantının açılış mərasimində İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə naziri Əli Tayebnia, İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Xəlil İbrahim Akça, Ümumdünya Gömrük Təşkilatı Baş katibinin müavini Sergio Mujika və İran hökumətinin yüksək vəzifəli nümayəndələri iştirak ediblər.

Mərasimdə gömrük xidmətlərinin üzləşdiyi problemlərin həllində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin gömrük xidmətləri arasında əməkdaşlığın rolu vurğulanıb, eləcə də gömrük məlumatlarının mübadiləsinin və potensialın gücləndirilməsinin əhəmiyyətinə toxunulub.

Sonra iclasda nümayəndə heyəti rəhbərlərinin ölkə hesabatları dinlənilib.

Öz növbəsində, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev çıxış edərək son dövrlərdə Azərbaycanda gömrük sahəsində müxtəlif istiqamətlərdə aparılan islahatlar barədə məlumat verib. Komitə sədri Azərbaycan gömrük orqanlarının fəaliyyət strategiyasının ölkədə münbit ticarət-investisiya mühitinin yaradılmasına yönəldiyini və bu istiqamətdə köklü islahatlar həyata keçirildiyini diqqətə çatdırıb.

Eyni zamanda, “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli sərəncamının rolu vurğulanıb və bu sərəncamın Azərbaycan gömrük orqanlarına bütün bəyannamələri elektron formada qəbul edərək məmur-vətəndaş təmasını minimuma endirməyə imkan yaratdığı bildirilib.

Komitə sədri qeyd edib ki, artıq 4 may 2016-cı ildən etibarən ölkənin gömrük sərhədindən keçirilən bütün mal və nəqliyyat vasitələri üçün elektron bəyannamə tətbiq edilir. Bundan başqa, fiziki şəxslər tərəfindən ölkəyə gətirilən malların bəyanetmə prosedurlarının sadələşdirildiyi və “Fiziki şəxslər üçün sadələşdirilmiş bəyannamə” xidməti tətbiq olunaraq bu xidmət növünün Elektron Hökumət Portalına inteqrasiya edildiyi diqqətə çatdırılıb.

 A.Əliyev  çıxışında “Yaşıl dəhliz” və digər buraxılış sistemlərinin tətbiqindən də bəhs edərək, bu sistemlərin tətbiqi sayəsində idxal-ixrac əməliyyatlarının sadələşdirildiyini, bunun da öz növbəsində ticarətin asanlaşdırılması və tranzit yüklərin daşınmasının sürətləndirilməsində mühüm rol oynadığını bildirib.

Sonra iclasda qaçaqmalçılıqla mübarizə sahəsində  İqtisadi Əməkdaşlıq Təşkilatının məlumat bazasının yaradılması, “Gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında” Saziş və bir sıra digər məsələlər müzakirə olunub.

Daha sonra İƏT Gömrük Ekspertləri Alt Komitəsinin hesabatına baxılıb.

Qeyd edək ki, iclas çərçivəsində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və İran İslam Respublikasının Gömrük İdarəsi arasında “Məlumat mübadiləsi sistemi” üzrə Texniki Təminat Sənədi imzalanıb. Sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və İran İslam Respublikası Gömrük İdarəsinin prezidenti Masoud Karbasian imzalayıblar.

Bundan başqa, iclas zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri ÜGT Baş katibinin müavini Sergio Mujika, İƏT-in Baş katibi Xəlil İbrahim Akça, eləcə də Qazaxıstan, İran və bir sıra iştirakçı ölkələrin gömrük xidmətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə gömrük sahəsində əlaqələrin daha da inkişaf etdirilməsinin, əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

0
8