Respublikanın baş mama-ginekoloqu: Vaxtında ailə qurmaq lazımdır

Respublikanın baş mama-ginekoloqu: Vaxtında ailə qurmaq lazımdır

“Son illər Bakıda reproduktiv dövrdə (18-45 yaş arası) olan qadınların 30 faizə qədəri ailə qurmayıb”.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Mama-ginekologiya kafedrasının müdiri Elmira Əliyeva deyib.

Onun sözlərinə görə, bu da reproduktiv sağlamlığa zərər vuran əsas amillərdir:

“Bu gün gənclərin vaxtında ailə qurmasına ehtiyac var. Çünki bu gün qızların çoxu gec ərə gedir, yaxud statusunu qaldırır, işi, təhsili, pulu olmasını arzulayır. Ancaq bilmək lazımdır ki, 35 yaşında olan qızın həddindən çox xroniki xəstəliklərə meyilliyi, qeysəriyyə kəsiyinə olan marağı artır”.

Respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova isə bildirib ki, Azərbaycanın regionlarına uyğun olaraq ginekoloji patologiyalar, endemik xəstəlikləri fərqlənir:

“Qızlar nə qədər gec ailə qurarsa, xəstəliklər risk qrupu artır, hamiləliyin risk qrupuna daxil olurlar, nəticədə doğuşda müəyyən problemlər yaranır. Bu qrupda olan ana ölümlərinin sayı da yüksək olur. Ona görə də vaxtında ailə qurmaq lazımdır. Hər bir region üçün özünəməxsus xəstəliklər var. Onlar hamiləliyin və doğuşun gedişinə, eləcə də erkən zahılıq dövrünə təsirini göstərir”.

Səhiyyə Nazirliyinin Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, mamalıq ağırlaşmaları hallarının təhlili üzrə Komissiyanın sədri Leyla Rzaquliyeva deyib ki, regionlar arasında ana sağlamlığı, ana ölümləri və ağırlaşmaları ilə bağlı ciddi fərq yoxdur:

“Sadəcə regionlar öz adət-ənənələrinə görə fərqlənir ki, bu da ailə qurmağa təsirini göstərmiş olur”.

E.Ə.

0
9