Prezident Qazaxa səfərə gedib - YENİLƏNİB

Prezident Qazaxa səfərə gedib - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 19-da Qazax rayonunda “Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdimatında iştirak edib.

Oxu.Az xəbər verir ki, “Birinci Şıxlı” kəndli fermer təsərrüfatının yaradılmasına 2016-cı ilin mayında başlanılıb və cari ilin oktyabrında inşaat işləri başa çatdırılıb.

Təsərrüfatın ümumi ərazisi 151 hektardır. Burada məhdud məsuliyyətli cəmiyyət üçün inzibati bina, tutumu 2 min ton olan anbar yaradılıb. Həmçinin 250 kvadratmetr sahədə texnika üçün park inşa edilib, kartof, soğan, kök və digər tərəvəz məhsullarının təmizlənməsi, yuyulması, qurudulması, çeşidlənməsi və qablaşdırılması üçün ərazisi 600 kvadratmetr olan istehsal sahəsi yaradılıb və müxtəlif növ 11 maşın-mexanizm alınıb.

Dövlət başçısına məlumat verilib ki, burada istehsal edilən məhsullar ilkin olaraq daxili bazar üçün nəzərdə tutulub. Kəndli fermer təsərrüfatının 15 hektar əkin sahəsində süni yağışyağdırma üsulunun (pivot) tətbiqi ilə suvarma sistemi yaradılıb. Təsərrüfatda 170 nəfər işlə təmin ediləcək. Burada, həmçinin mütəxəssislərin hazırlanması üçün Əkinçilik Tədris Mərkəzi fəaliyyət göstərəcək.

Sonra Prezident İlham Əliyev “Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

Daha sonra dövlət başçısı Qazax rayonunda 110/35/6 kilovoltluq “Daş Salahlı” yarımstansiyasının açılış mərasimində iştirak edib.

Dövlətimizin başçısına yarımstansiya barədə ətraflı məlumat verilib. Bildirilib ki, Qazax rayonunun böyük bir hissəsinin elektrik təchizatının yaxşılaşdırılması, eləcə də ərazidə elektrik enerjisinə artan tələbatın ödənilməsi məqsədilə 110/35/6 kilovoltluq yeni “Daş Salahlı” yarımstansiyası inşa edilib. “Daş Salahlı” son 20 ildə qərb bölgəsində tikilən 110 kilovoltluq 4–cü, respublika üzrə isə 44–cü belə yarımstansiyadır.

Diqqətə çatdırıldı ki, əvvəlki yarımstansiya 8 kəndi və 3637 abonenti əhatə edirdisə, “Daş Salahlı” artıq 22 kəndi, 19364 abonenti dayanıqlı elektrik enerjisi ilə təmin edəcək.

Bildirilib ki, yarımstansiya Qazax və Ağstafa rayonlarında kənd təsərrüfatı, sənaye obyektlərini, o cümlədən mövcud sement, beton zavodlarını, əhəng karxanasını, “Azrosprominvest” müəssisəsini, “Mətanət A” şirkətini, digər emal müəssisələrini, xəstəxanaları, məktəbləri və yeni infrastruktur layihələr üzrə inşa ediləcək obyektləri elektrik enerjisi ilə tam təmin edəcək.

Həmçinin bu yarımstansiyanın istifadəyə verilməsi ilə regionda mövcud güc çatışmazlığı aradan qalxacaq, növbəti illərdə enerjiyə yaranacaq tələbat ödəniləcək.

Sonra foto-video slayd vasitəsilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin gördüyü işlər barədə məlumat verilib.

Dövlətimizin başçısı “Daş Salahlı” yarımstansiyasını işə salıb.

Prezident İlham Əliyevə 110 kilovoltluq açıq paylayıcı quruluşun və yarımstansiyanın ətrafında görülmüş abadlıq işləri barədə də məlumat verilib.

09:39

Bu gün Qazax-Kosalar avtomobil yolunun yenidənqurma və bərpadan sonra təqdimatı olub.

Oxu.Az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlət başçısına məlumat verib ki, 6 min nəfər əhalisi olan 2 yaşayış məntəqəsini birləşdirən Qazax-Kosalar avtomobil yolunun tikintisinə Azərbaycan Prezidentinin 2016-cı il 19 avqust tarixli sərəncamına əsasən başlanılıb. Uzunluğu 10 kilometr olan dördüncü texniki dərəcəli yolun torpaq yatağının eni 10 metr, iki zolaqdan ibarət hərəkət hissəsinin eni isə 6 metrdir.

Avtonəqliyyat vasitələrinin hərəkətini tənzimləmək üçün yol boyu göstərici xətlər çəkilib, 42 yol nişanı quraşdırılıb, bir avtobus dayanacağı inşa edilib. Ümumilikdə uzunluğu 460 metr olan suötürücü boru tikilib.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

N.O.

0
32