Bu gün Beynəlxalq Yer Günüdür

Bu gün Beynəlxalq Yer Günüdür

20 milyondan çox adam bu günü bayram edir.

Bu gün Beynəlxalq Yer Günü qeyd olunur.

Oxu.Az xəbər verir ki, Beynəlxalq Yer Günü əvvəllər “Ağac Günü” adı ilə qeyd olunub. Bu bayramın keçirilmə tarixi XIX əsrin 70-ci illərinə təsadüf edir.

ABŞ-ın Nebraska ştatının sakini Corc Sterlinq Mortona ştatın yaşıllaşdırılmasına başlamaq üçün əhaliyə müraciət etmişdi. Onun özü və ailəsi ilk olaraq ağac əkməyə başlamışdı. Tezliklə bu təşəbbüs geniş əks-səda doğurmuşdu. İlk “Ağac Günü”ndə ştatın əhalisi təqribən bir milyon ağac əkmişdi.

1882-ci ildə Nebraska ştatında Mortonanın şərəfinə onun doğulduğu 22 aprel günü rəsmi olaraq ştatın bayramı elan olundu.

1970-ci ildə “Ağac Günü”nün adı dəyişdirilərək Yer Kürəsi Günü adlandırıldı. Senator Heylord Nelsanın təşəbbüsü ilə keçirilən bu bayramda məqsəd insanların diqqətini ətraf mühitin çirkləndirilməsi və canlı aləmin qorunub saxlanması problemlərinə cəlb etmək idi.

Yer Kürəsi Günü ilk dəfə 1970-ci il aprelin 22-də qeyd olundu. 20 milyona yaxın amerikalı müxtəlif tədbirlərdə iştirak edərək hökuməti ekoloji problemləri həll etməyə çağırdı. Həmin vaxtdan etibarən başlanan kütləvi ekoloji hərəkat təbii ehtiyatların qorunmasına və sənaye istehsalı üzərində ekoloji nəzarətə istiqamətləndi.

Məhz XX əsrin 70-ci illərindən etibarən şirkətlər ətraf aləmin mühafizəsinə nə qədər vəsait ayırmaları barədə rəsmi məlumat verməyə başladılar.

1990-cı ildən başlayaraq Yer Kürəsi Günündə milli parkların salınması, ətraf mühitin əvvəlki vəziyyətinə qaytarılması mövzusu gündəmə gətirildi. Həmin vaxtdan bu bayram beynəlxalq miqyas aldı.

141 ölkəni (o cümlədən bizim ölkəmizi) təmsil edən 20 milyondan çox adam bu günü bayram edir.

0
16